BAKI, 29 sentyabr — Sputnik. Bu gün mərhum Xanoğlan Rza oğlu Şıxəliyevin anadan olduğu gündür. Xanoğlan Şıxəliyev 1957-ci ildə Ermənistan SSR-nin Vedibasar rayonunda dünyaya göz açıb. Sonradan Azərbaycana deportasiya edilən ailələr içində Şıxəliyevlər ailəsi də olub. Bu ailə Sabirabad rayonunda yerləşib.
O, 1977-ci ildən ta həyatdan köçərək, haqq dünyasına qovuşana — 30 iyun 2015-ci ilə qədər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Müstəqilliyimiz əldə olunandan sonra — Azərbaycan Respublikasının həmin illərdə çox və çətin anlar yaşadığı bir zamanlarda Xanoğlan müəllim çətin və böyük zəhmət tələb edən vəzifə borcunu yerinə yetirib. Hələ o dövrlərdə istər ictimai-siyasi, istərsə də kriminogen baxımından elə də sabit olmayan Şəki rayonunda çalışmış Xanoğlan Şıxəliyev, qanunun aliliyinin təminatçısı kimi dəfələrlə sinə gərib.
Hətta elə olub ki, azğınlaşmış şəxslər onun yaşadığı evə hücümlar çəkib, üzərinə avomat silahı qaldırıblar. Lakin dövlət və xalq maraqlarını daim üstün tutan Xanoğlan müəllim, həm də prokuror olaraq heç nədən qorxmamış, azğın kriminogen qüvvələrə qarşı mübarizəsini daha barışmaz şəkildə aparmışdı. Bu kimi hallarla dəfələrlə qarşılaşan Xanoğlan Şıxəliyev, sonda cavan yaşlarından keçirdiyi çoxsaylı gərginlik və stresslərdən diabet xəstəliyinə tutulur. Amma fəaliyyətini mətinliklə davam etdirir.
Prokurorluq fəaliyyətini Bərdə rayonunda da davam etdirərək, həmin ərəfələrdə çox çətin sınaqlardan keçir. Çünki o zamanlar birinci Qarabağ müharibəsinin qızğın vaxtları idi. Ancaq onun təcrübəsi və peşəkar iş fəaliyyəti prokurorluq vəzifəsinə əlavə vəzifə də qoymuşdu. Belə ki, o həm də müdafiə şurasının üzvü olaraq dəfələrlə döyüş bölgələrində düşmənlə üz-üzə gəlmiş, təhlükəli şəraitlərdə Vətən borcunu yerinə yetirmişdi.
Fəaliyyətini Cəlilabad rayonunda da davam etdirən X. Şıxəliyev, orada yaşayan əhali arasında xüsusi hörmətə və izzətə sahib olub. Maraqlısı da budur ki, o çalışdığı hər yerdə çətin sınaqlarla qarşı-qarşıya qalıb. Misal üçün, elə Cəlilabadda baş verən hadisə də bu kontekstdəndir. Belə ki, rayon prokuroru işlədi vaxt məlumat daxil olur ki, bir nəfər şəxs əlində qumbara özünü və ailəsini məhv etməyə cəhd göstərir. Təxirə salmadan hadisə yerinə yollanan prokuror, qəhrəmanlıq göstərərək, bu hadisənin qarşısını alır.
Xanoğlan Şıxəliyev bir illik fəaliyyətində 45 cinayət işinin istintaqını tamamlayaraq məhkəməyə göndərib, 16 qəsdən adam öldürmə hadisəsindən isə 15-nin üstünü açımışdı. Bu bir illik fəaliyyətində maksimum nəticə göstərən prokuror Xanoğlan Şıxəliyevə baş ədliyyə müşaviri rütbəsi verilmişdir. Bərdə də çalışdığı dönəmdə, Murovda göstərdiyi xidmətə görə "İgidlik ordeni "ilə təltif edilmişdi.
Onu da deyə bilərik ki, Xanoğlan Şıxəliyevin mərhum prezident Heydər Əliyevlə bağlı 2 kitabı — "Heydər Əliyev çörəyi" və "Heydər Əliyev okulu" adlı kitabları işıq üzü görüb. O, kitab və məqalələrinə görə "Qızıl Qələm" mükafatına layiq görülüb.
O, 30 iyun 2015-ci ildə ağır xəstəlikdən dünyasını dəyişib.