BAKI, 27 sentyabr — Sputnik. "Deməzdim ki, istirahət etdik. Birinci hissədən fərqli olaraq, çətin anlar yaşadıq. Hətta rəqibin qol şansları oldu. Demişdim ki, "Qarabağ" güclü rəqibdir. Bu gün bunun şahidi olduq".
Bunu İtaliyanın "Roma" klubunun baş məşqçisi Eusebio Di Françesko Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə yendikləri UEFA Çempionlar Liqasının II tur matçından sonra deyib.
Mütəxəssis bildirib ki, bəzi anlarda oyunun tempinin davamlı olmadığı fikri ilə razılaşıb: "Rəqibin qolundan sonra bizə çətin oldu. Amma hələ də inkişaf etməkdə davam edirik. Çalışmalarımızın nəticəsidir ki, evə 3 xalla dönürük".
O "Qarabağ"ın tərifəlayiq komanda olduğunu deyib.
Baş məşqçi ikinci hissədə əsəbi olmasının səbəbini açıqlayıb: "Uzun ötürmələr çox önəmlidir. Hər iki tərəfdən arxaya və irəli qaçmaq önəmlidir. Özüm uzun ötürmələrin əleyhinəyəm. Amma bəzən bu da lazım gəlir".
Di Françesko ilk 2 qoldan sonra oyunlarının alınmamasını arxayınçılıqla əlaqələndirməyib: "İlk 2 qoldan sonra da 5-6 imkanımız var idi. Lakin bu zaman "Qarabağ" da bizə çətin anlar yaşatmağa başlayırdı. Bunun nəticəsidir ki, daha yaxşı oynaya bilmədik".
"Roma"nın baş məşqçisi "Qarabağ"ın heyətində fərqləndirilə biləcək oyunçu varmı?" sualını isə belə cavablandırıb: "Bütün oyunçular yaxşı təsir bağışladı. Əvvəlcədən "Qarabağ"ın hücum xəttinin güclü olduğunu demişdim. Əsasən 11, 10 və 9 nömrəli futbolçuları (Mahir Mədətov, Pedro Enrike və Dino Ndlovu) xüsusi dəyərləndirərdim".