BAKI, 26 sentyabr — Sputnik. Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinin əməkdaşları maraqlı araşdırma aparıblar. Onlar Türkiyədə itkin düşmüş azərbaycanlı gənclərin axtarışını həyata keçiriblər. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, 2017-ci il iyulun 13-də polisə, Siyəzən rayonunda anadan olmuş və hazırda Bakıda yaşayan, 1950-ci il təvəllüdlü Hüseynov Salman Qərib oğlu müraciət edib. Kişi bildirib ki, Ruhid adlı bir şəxs onun, 1987-ci il təvəllüdlü oğlu Ayaz Hüseynovu işləmək adı ilə Türkiyəyə aparıb. Bu hadisə iyunun 14-də baş verib.
Ruhid iyulun 10-da Bakıya qayıdıb. Ayazdan isə getdiyi vaxtdan indiyə qədər heç bir xəbər yox imiş. İlkin araşdırma zamanı istintaq orqanlarının əməkdaşları Hüseynovu aparan kişini saxlayıblar. O, Neftçala rayonunun sakini Əlizadə Ruhid Vaqif oğludur.
Məlum olub ki, Ayaz Hüseynov, Ruhid Əlizadənin aldadaraq Türkiyəyə apardığı yeganə şəxs deyil. Polisə oğlunun itkin düşdüyü barədə analoji ərizə ilə başqa bir kişi də müraciət edib. Hər iki cavan oğlan Azərbaycandan bir yerdə çıxıb.
Saxlanılan şəxs bildirib ki, Türkiyəyə gedən hər iki azərbaycanlı bir müddət sonra həmin ölkənin sərhədlərini tərk edib. Amma Əlizadə həmin gənclərin hansı ölkəyə getdiklərini deməyib. İlkin ehtimala görə, itkin düşmüş şəxslər İraq, Suriya, eləcə də qadağan olunmuş "İslam Dövləti" (İŞİD) terror təşkilatının nəzarətində olan hansısa ərazidədirlər. Amma sonuncu versiya təsdiqini tapmayıb.
Əldə edilən məlumatlara görə, itkin düşən azərbaycanlılar namaz qılmırlar. Bu səbəbdən də onların İŞİD-ə qoşulması barədə irəli sürülən hipotez bir qədər şübhə doğurur.
Yasamal rayonunun hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a xəbər veriblər ki, itkin düşən gənclər artıq üzə çıxıblar. Onlar həqiqətən də Türkiyəyə iş dalınca gediblər və hazırda da qardaş ölkədədirlər. Onlar yaxınları ilə əlaqə saxlayıblar. Uzun müddət valideynləri ilə əlaqə saxlamamaları narahatlığa səbəb olub.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, hazırda itkin düşmüş şəxslərlə bağlı müraciətlərin araşdırılması proseduru bir qədər dəyişib. Əgər əvvəllər 3 gün ərzində yoxa çıxmış adamın axtarışına başlanırdısa, hazırda polisə məlumat vermək üçün 3 gün gözləməyə ehtiyac yoxdur.
"Çünki bu barədə polisə müraciət edilən andan dərhal axtarışlara başlanılır. Qeyd etmək lazımdır ki, itkin düşmüş şəxslərlə bağlı axtarışın elan edilməsi əksər hallarda müsbət nəticə verir" — hüquq-mühafizə orqanlarından bildirilib.
Polis əməkdaşlarının sözlərinə görə, nadir hallarda itkin düşmüş şəxslər cinayətin qurbanı olurlar: "Təcrübə göstərir ki, onlar tez-tez ailədəki fikir ayrılıqları ucbatından evdən gedirlər. Hələ 10 il bundan əvvəl Azərbaycanda itkin düşən şəxslərin sayı min nəfərə çatırdı. İnsanlar qohumlarından ayrılaraq Rusiyaya qazanc dalınca gedirdilər. Bu gün vəziyyət dəyişib. Respublikada xəbərsiz itkin düşmüş şəxslərin sayı 200 nəfər ətrafındadır".
Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, ötən il itkin düşən şəxslərdən 13 nəfər tapılmayıb ki, onların da 12-si kişi və biri qadındır. Onların da bir hissəsi ötən il, qalanları isə 2010-2013-cü illərdə itkin düşənlərdir. Bu şəxslərin cinayətin qurbanı olduqları istisna edilmir.