CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təcili: İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO

© SputnikKimsəsiz qalmış uşaqlar
Kimsəsiz qalmış uşaqlar - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD-dən təmizlənən ərazidə tapılan 3 yaşlı azərbaycanlı oğlan: "Papa, mama ölüb"

BAKI, 20 sentyabr — Sputnik. Bəzən azərbaycanlılar bir-birilərinə ritorik suallar ünvanlayırlar: Axı Yaxın Şərqdə, İraqda, Suriyada olanlardan mənə nə?!

Əlbəttə, özünü bir dünya vətəndaşı deyil, 86 600 km²-lik (20%-i işğal olunub) əraziyə malik Azərbaycan vətəndaşı hesab edənlərə başqa ölkələrdə baş verənlərin elə də dəxli yoxdur. Amma inkişaf etmiş müasir dünyada belə bir anlayış var ki, zorakılıq, qətllər, insan hüquqlarının pozulması heç bir dövlətin, fərdin daxili işi, şəxsi məsələsi deyil.

İlqar Yusifzadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xanımı Suriyaya qaçan kişinin gözyaşardıcı həyat hekayəsi

Əgər uzaqda baş verən zorakılığın, qətliamın, terrorun qarşısı alınmazsa, o, sərhədlərinə qədər gələr, sənin doğmalarını, əzizlərini də öz ağuşuna alar. Necə ki, özünü "İraq-Şam İslam Dövləti" (İŞİD) adlandırmış terror şəbəkəsi, nəzarətsiz qalmış İraq ərazilərində və Bəşər Əsəd rejiminə tabe olmayan Suriya torpaqlarında silahlı paramilitar terror qruplaşmaları tərəfindən qurulsa da (3 yanvar 2014-cü il tarixində "müstəqilliyini", 29 iyun 2014-cü il tarixində isə yeni "Xilafət" yarandığını elan edib-m.), qısa müddətə bütün dünyaya qorxu yaymağa nail oldu.

Başda Türkiyə olmaqla, qonşu dövlətlərdə, eləcə də bütün Avropada terror xofunu yaratdı. Minlərlə insan həlak oldu, milyonlarla adam qaçqın düşdü. Nə qədər uşaq nə baş verdiyindən və gələcəyindən xəbərsiz bir şəkildə öldü, nə qədəri də ata-ana sevgisini görmədən sığınacaqlarda, uşaq evlərində böyüyəcək.

İŞİD-in bu qorxunc şər maşınının təkərlərinin izləri zaman-zaman Azərbaycanda da görünməkdədir. Biz tez-tez həmvətənlərimizin İŞİD sıralarına qoşulduğunu, onun naminə döyüşmək üçün müxtəlif yollarla Suriyaya, İraqa gedib çıxdığını eşidirik. Bəzən insanlar ağılsızcasına, onları gözləyən dəhşətlərin fərqinə varmadan öz körpə uşaqlarını da götürüb İŞİD-in nəzarətindəki ərazilərə gedirlər. Özlərinin və uşaqlarının həyatını təhlükəyə atırlar.

Bəzən özləri, bəzənsə uşaqları bu ağılsız savaşın qurbanına çevrilirlər. Bəzənsə özləri ölür, azyaşlı körpələri isə ya İŞİD barbarlarının əlində məhv olur, ya da yad sığınacaqlarda kimliklərindən xəbərsiz yaşamağa davam edirlər. O uşaqlar keçmişlərindən və gələcəklərindən xəbərsiz bir halda, taleyin ümidinə buraxılırlar.

Bu yazının içərisində izləyəcəyiniz videodakı iki körpə də, valideynlərinin məsuliyyətsiz davranışları ucbatından uzaq ölkədə kimsəsiz qalmış uşaqlardandır. Onlar müharibədə doğmalarını itirərək valideyn himayəsindən məhrum olublar və Bağdaddakı uşaq sığınacağında məskunlaşıblar.

RT telekanalının əməkdaşları iki yaşlı Xədicə və üç yaşlı Abdullanı həmin sığınacaqda çəkiblər. Valideynləri onları "İslam dövləti"nin nəzarətində olan ərazilərə aparıblar. Uşaqlar özləri haqqında heç nə deyə bilmirlər. Amma, danışığından da aydın görünür ki, bu qardaş-bacı azərbaycanlı uşaqlardır.

"Biz bu kadrları Bağdaddakı sığınacaqda çəkmişik. Onları bu sığınacağa sentyabrın 12-də Təl-Afərdən gətiriblər. Onların şəkillərini mənə əvvəlcə Ziyad Səbsəbi (Ramzan Kadırovun Federasiya Şurasındakı nümayəndəsi. O, İŞİD-in nəzarət etdiyi ərazilərdəki bütün uşaqları toplayaraq Rusiya Federasiyasına göndərir-m.) göndərmişdi" – deyə telekanalın əməkdaşı Sputnik Azərbaycan-a bildirib.

Onun bizə təqdim etdiyi videodan da göründüyü kimi, müxbir uşaqlardan rus dilində "Sonuncu dəfə ata və ananı nə vaxt görmüsən?" (Когда в последний раз видел папу и маму?) sualına Abdulla "papa-mama ölüb" deyə cavab verib. "Bəs nənə, baba? Onları görmüsən?", "Sənin yaşadığın şəhər necə adlanır?" suallarına isə Abdulla başını yelləyərək "bilmirəm" cavabı verib.

Bundan əlavə, balaca Abdulla ətrafdakı digər uşaqlarla Azərbaycan dilində danışır, onlara nəsə anlatmaq, soruşmaq istəyir. Həm də çox sərrast azərbaycanca…

Telekanalın əməkdaşları xahiş edirlər ki, əgər bu videodakı uşaqları tanıyan varsa, onlara xəbər versinlər. Sputnik Azərbaycan bu uşaqları və ya qohumlarını tanıyanlardan info@sputnik.az, novosti@sputnik.az ünvanlarına, eləcə də Sputnik Azərbaycan-ın "Facebook" (və ya bu) ünvanlarına, habelə redaksiyanın saytda göstərilən şəhər telefonları vasitəsi ilə də məlumat verməyi xahiş edir.

Biz bu uşaqları xilas edə, ölkəmizə gətirib doğmalarına təhvil verə, yaxud da öz ölkəmizdəki uşaq evlərində böyümələrinə kömək edə bilərik!

Xəbər lenti
0