Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 26 sentyabr — Sputnik. Respublikanın 12 rayonunda torpaqların elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə yeni bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə Cəlilabadda keçirilən regional maarifləndirici forumda bildirilib.
Dəqiq torpaq uçotu məlumatları əsasında Sumqayıt və Gəncə şəhərlərinin, Xızı, Abşeron, Salyan, Ağsu rayonlarının ərazilərindəki bütün bələdiyyələrin ərazilərinin xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bakı şəhəri üzrə bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşmaq üzrədir.
Bələdiyyə torpaqlarının elektron kadastr məlumat bazasında torpaq sahələrinin mülkiyyət növləri, həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri əks olunub. Ölkə üzrə torpaq uçotu işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur.
Məsələ ilə bağlı Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında, deyib ki, ümumiyyətlə, 1999-cu ildən bələdiyyə xəritələrinin hazırlanması prosesi davamlı olaraq aparılır: "Bəzi bələdiyyələrin ərazisində yeni yerdəyişmələr olur. Məsələn, şəhərdə və ya rayonda müəyyən kəndlər arasındakı mübahisəli torpaqlar məsələsi həllini tapır. Yəni, hansı bələdiyyənin hansı torpağa malik olması ilə bağlı məsələ həllini tapır. Tez-tez bu xəritələr üzərində dəyişikliklər aparılır. Bələdiyyələrin xəritələri bəlli olduqdan, tam olaraq oturuşduqdan sonra hər bir bələdiyyə öz ərazisini dəqiq tanıyacaq".
Onun sözlərinə görə, bələdiyyələr, öz ərazilərindəki əmlak və torpağa görə yığdıqları rüsumdan demək olar ki, öz maliyyəsini təmin edir: "Bu mənada bəzi dövlət fondu altında olan torpaqlar ilə bağlı mübahisələr mövcuddur. Dövlət torpaqları ilə bələdiyyə mülkiyyətinə verilən torpaqların müəyyənləşdirilməsində hər zaman mübahisəli məsələ yaranırdı. Rüsumların toplanması baxımından bu, bələdiyyələr üçün imkansızlıq şəraiti yaradırdı. Konkret olaraq xəritələr bəlli olandan sonra hər bir bələdiyyə öz ərazisini tanıyacaq və ərazisində olan əmlaka, mülkiyyətə görə vəsaitləri toplamaq, rüsumları almaq imkanına sahib olacaq".
"Bələdiyyələr öz torpaqlarını biləndən sonra, o torpaqlar üzərində alqı-satqı aparılacaq, əldə edilən gəlirlər, rüsumlar, ödənişlər bələdiyyənin büdcəsinə yönələcək. Bu da gələcəkdə bələdiyyələrin maddi imkanlarının artırılmasında, maliyyə vəziyyətinin stabilləşməsində öz rolunu oynayacaq" – deyə o bildirib.
Bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli isə Sputnik Azərbaycan-a açıqlamasında, bələdiyyə xəritələrinin hazırlanmasının gecikdiyini söyləyib: "Yəni, 1999-cu ildə dövlət başçısının sərəncamı var idi ki, bütün bələdiyyə torpaqlarının sərhədləri göstərilməklə bələdiyyələrə təqdim edilsin. O zaman Azərbaycanda 2736 bələdiyyə formalaşmışdı. Amma üzərindən uzun müddət keçəndən sonra axır ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu addımı atıb və bələdiyyə xəritələrinin hazırlanmasının ilk mərhələsi başa çatıb".
Tofiqlinin sözlərinə görə, bələdiyyələr arasında sərhəd mübadiləsində müəyyən narahatçılıqlar var: "Xəritələrin hazırlanması qeyri-qanuni tikintilərin aradan qaldırılmasına müsbət təsir göstərəcək. Həmin xəritənin, belə desək, çıxarışın əsasında bələdiyyə fond torpağının alqı-satqısı, icarəyə verilməsi, istifadəsi mümkün olacaq. Xəritələrin hazırlanmasının müsbət cəhətləri çoxdur".
"Bu proses axıra kimi davam etsə, çox ləngiməmiş həyata keçirilsə, həm bələdiyyənin büdcə gəlirlərinə, həm də əhalinin qarşılaşdığı məsələlərin həllinə müsbət təsir göstərəcək" — ekspert vurğulayıb.
Müsahibimizin fikrincə, burada bir məsələ də var ki, Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşa torpağın verilməsi prosedurunu sadələşdirsə, daha yaxşı olar: "Sonra hərrac komissiyasının yaradılması ilə bağlı olan məsələlərdə müəyyən problemlərin aradan qaldırılmasına dair addımlar atılsa, daha yaxşı olar. Ümumilikdə, proses kompleks şəkildə həyata keçirilməlidir və nəticədə bu, bələdiyyə sisteminin inkişafına müsbət təsir göstərəcək".