BAKI, 25 sentyabr — Sputnik. "İraqın şimalından ölkəmizə bütün girişləri bağladıq. Sadəcə gedənlərə icazə verilir". Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu bəyanatla prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib.
"İndi baxaq görək, İraqın şimalındakı muxtariyyət öz neftini hansı yolla dünya bazarına satacaq. Kart bizdədir, bu işə əl qoyduğumuz an onlar üçün hər şey bitəcək" — o, əlavə edib.
Türkiyə prezidenti daha sonra deyib: "PKK-YPG orada dövlət quracaq, biz də buna seyirçi qalacağıq? Xeyr, elə bir şey heç zaman olmayacaq. Bunlar sadəcə yuxudur. Bir gecə anidən gələ bilərik. Bütün variantlar masadadır".
İraqın şimalındakı kürd muxtariyyətinin bu gün müstəqillik referendumu keçirməsinə İrandan da sərt reaksiya gəlib. Sputnik İran xəbər verir ki, rəsmi Tehran verdiyi qərarla, İraqla olan şimal sərhəd-keçid məntəqələrini bağlayıb.
"Biz İraq dövlətinin ərazi bütövlüyünə dəstək veririk. Bu qanunsuz referendumu tanımırıq. Ona görə də kürd muxtariyyəti ilə olan sərhəd-keçid məntəqələrini bağlayırıq. Bundan sonra hava məkanımız da muxtariyyətin üzünə qapalı olacaq" — İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bildirib.