BAKI, 25 sentyabr — Sputnik. FHN Təlim-Tədris mərkəzində "Gilan Holding"-in, Fövqəladə Hallar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə Bakıda ilk dəfə maneəli ekstremal idman yarış keçirilib.
"Mübarizlər" adlı beynəlxalq ekstremal idman layihəsi ekstrim sevərlərə fəal istirahətin tam yeni formatını təklif edib — çətin keçilən ərazidə maneəli qaçışı.
İdmançılar, sağlam həyat tərzini sevənlər, tələbələr, ofis işçiləri əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələrdən keçməli olublar. Komanda iştirakçıları 5 km uzunluğu olan trası fəth ediblər. Çempionat iştirakçıları 10 km-lik və 42 maneədən ibarət marşrutu izləməli olublar.
Maneələrin çoxu — taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalar olub.
Çətin marşrutu seçənlər çempionat iştirakçısı olmaqla 30 000 manat təşkil edən mükafat fondu uğrunda mübarizə aparıblar. İlk 10 yerin sahibi pul mükafatına layiq görülüb.
Hər iki format üçün parking, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinaları və geyinib-soyunma otaqları nəzərdə tutulub.
Hal-hazırda maneəli yarışmalar bütün dünyada məşhurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilən bu ekstrim idman növü artıq klassik idman növlərini geridə qoyur. "Mübarizlər" Kseniya Şoyqunun müəllifi olduğu Rusiyanın "Qəhrəmanlar liqası" ("Liqa qeroev") layihəsinin analoqudur. Belə tədbirlərdə iştirak etmək nəinki təkcə öz gücünü yoxlamağa, eləcə də dünyanın ən məşhur trendlərindən birinə qovuşmağa, idman və sağlamlıq festivalında əylənməyə və həmfikirlərlə ünsiyyət yaratmağa unikal imkanlar verir.