BAKI, 25 sentyabr — Sputnik. Krasnodar diyarının Kuban şəhərində kannibalizmdə şübhəli bilinən şəxslərin törətdikləri cinayətlərin təfərrüatları məlum olub.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, sentyabrın 25-də məlum serial cinayətlərdə şübhəli bilinən ər və arvad saxlanılıb və onlarla bağlı RF Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci bəndinin "j" hissəsi ilə ("Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qətlin törədilməsi") cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, saxlanılan şəxslərin evində insan orqanlarının hissələri tapılıb. İstintaq orqanlarının rəyinə görə, onlar öz qurbanlarını öldürür, hissələrə ayırır və onların bir hissəsini evdəki soyuducuda saxlayırlar. Bu informasiya əsasında sosial şəbəkələrdə belə məlumat yayılıb ki, saxlanılan şəxslər kannibaldırlar və insan əti ilə qidalanırlar.
Rusiya İstintaq Komitəsinin regional şöbəsi sözügedən şəxslərin şübhəli qismində saxlanıldığını təsdiqləyib.
Saxlanılan şəxslər hələlik heç bir ifadə verməyiblər.
"Kuban" telekanalı Krasnodar diyarının güc strukturlarına istinadla xəbər verib ki, saxlanılan şəxslərlə bağlı araşdırma aparılır. Onlar hələlik törətdikləri cinayətlərlə bağlı heç bir ifadə verməyiblər və cinayətlərini etiraf etməyiblər.
Bununla belə, Mash kanalı saxlanılan şəxslərin 1999-cu ildən bu yana 30-dan çox adamı öldürdükləri barədə etiraf etdiklərini yaymaqda tələskənliyə yol verib.
Eyni zamanda ilkin məlumatlara görə, şübhəli kişinin 37, qadının isə 42 yaşı var. Bu mənada Mash-ın mənbəsinə inansaq, onlar adamları öldürməyə və yeməyə 17 və 22 yaşlarında başlayıblar. Bu isə onu göstərir ki, şübhəli şəxslər 20 ildir hüquq-mühafizə orqanlarından gizlənə biliblər.
Mobil telefondakı dəhşətli foto
Sentyabrın 12-də "Jivaya Kuban" regional nəşri məlumat verib ki, Repin küçəsində fəhlələr içində hissələrə bölünmüş cəsədin şəkli olan telefon tapıblar. KİV-in məlumatına görə, şəkillərdən birində kişi qadının kəsilmiş əli ilə poz verir, digər şəkildə isə onun başı görünür. Bu telefon polisə təhvil verilib.
Sözügedən gadjetin sahibi 35 yaşlı Krasnodar sakinidir
Fotoşəkillərin sahibi deyib ki, naməlum qadının hissələrə bölünmüş cəsədini və onun telefonunu sentyabrın 10-da aviaşəhərciyin ərazisində tapıb. O, telefonu və şəkilləri yadigar saxlamaq üçün cəsədin qalıqları ilə bir neçə şəkil çəkdirib. Bundan sonra qadının bədəninin hissələrini zibil yeşiyinə atıb. Növbəti gün — sentyabrın 11-də isə telefonunu itirib.
Sosial şəbəkələrdə tapılmış mobil telefonla bağlı polisin elanı
"Vkontakte" sosial şəbəkəsində naməlum şəxslər polisin hələ təsdiqini tapmamış elanını yerləşdiriblər. Həmin elanda polis telefonun sahibinin tapılması ilə bağlı operativ əməliyyat-axtarış tədbirləri həyata keçirdiyini bəyan edib.
"Həmin şəxsin polisə verdiyi arayışda bildirilir ki, cəsədin yuxarı hissələrini 08.09.2017 tarixində Krasnodar şəhərinin Qastello küçəsində yerləşən meşə massivində saat 20:50-də tapıb. Onu qara rəngli heybəsinə (ryukzak) qoyaraq evinə gətirib. Cəsədin başı ilə bir neçə şəkil çəkdirəndən sonra onun başını və biləyini vedrəyə qoyub və vedrəni su ilə dolduraraq yatmağa gedib. 09.09.2017-ci il saat 07:30 radələrində o, biləyi özü ilə götürərək işə gedib. Getdiyi ünvanda cəsədin biləyini öz ağzına, barmaqları isə burnuna soxaraq iyrənc şəkillər çəkdirib" — deyə polisin verdiyi arayışda bildirilir.
"Fotoların analizi nəticəsində cəsədin əlindəki çeçələ barmağın olmadığı müəyyən edilib. Məlum olub ki, B. adlı şəxs onu dəftərxana bıçağı ilə kəsib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, kəsilən əlləri çantasına yerləşdirərək ictimai nəqliyyatda evə gətirib. Evə çatanda əlləri yenidən vedrəyə qoyub və yatmağa gedib. 10.09.2017-c il, saat 09-da o, əlləri yaşadığı yataqxananın həyətindəki zibil yeşiyinə atıb. Sonra evə qayıdıb. Əməliyyat nəticəsində yay məktəbinin həyətində başın dərisi tapılıb. B. bildirib ki, 10.09.2017-ci ildə əlləri zibil yeşiyinə atanda başın dərisini də həyətə atıb. O, öz hərəkətlərinə izahat verməkdə çətinlik çəkib və sadəcə axmaqlıq etdiyini deməklə kifayətlənib" — deyə polisin müəllifi olduğu bildirilən arayışda qeyd olunub.
"Tapılan telefon, yerli sakin və hissələrə bölünmüş qadın cəsədi ilə əlaqədar araşdırmalar aparılır. Baş vermiş hadisə ilə bağlı bütün zəruri tədbirlər görülür. Araşdırmalardan sonra vəziyyətə uyğun olaraq müvafiq prosessual tədbirlər görüləcək" — deyə Rusiya İstintaq Komitəsinin regional şöbə rəisinin köməkçisi İvetta Aqayan bildirib.
Telefonla bağlı məlumat əldə ediləndən sonra qısa vaxt ərzində cəsədin qalıqları Dzerjinski adına Hərbi Aviasiya Məktəbinin ərazisində tapılıb. Ərazidə paket və insan cəsədinin hissələri olan vedrə, eləcə də içində cəsədin qalıqları olan çanta aşkarlanıb. RİK-in regional şöbə rəisinin baş köməkçisi Natalya Smyatskayanın sözlərinə görə, ölənin şəxsiyyəti müəyyən edilib. O, 35 yaşlı şəhər sakinidir.