BAKI, 23 sentyabr — Sputnik. ABŞ-da naməlum şəxs iki polis zabitini güllələyib.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, insident Konnektikut ştatının Nyu-Haven şəhərində baş verib.
Məlumata görə, hazırda polis əməkdaşları ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açan cinayətkar arasında atışma gedir.
Yaralanan polislərin həyatı üçün təhlükənin olmadığı, onların xəsarətinin yüngül olduğu bildirilir.
Polisdən bildiriblər ki, zabitlər — Erik Pasino və Skott Şumvey qollarından güllə yarası alıblar və onlar tamamilə sağalacaqlar.
Polislər yerli vaxtla səhər saat 10:30 radələrində Elm küçəsində bir qadının güllələndiyi barədə məlumat alandan sonra hadisə yerinə gəliblər. Qadın qolundan, kürəyindən və sinəsindən güllə yaraları alıb. O, təcili xəstəxanaya çatdırılıb.
Qadın bildirib ki, ona yolun o tayındakı evdən atəş açıblar. Polislər göstərilən ünvana gedəndə şübhəli şəxs onları da atəşə tutub və müqavimət göstərib.