BAKI, 22 sentyabr — Sputnik. Təsadüfi deyil ki, dünyada bu və ya digər ölkələrin səhiyyə xidmətlərinin səviyyəsi o ölkələrdə olan ana və uşaq ölümü göstəricisi ilə ölçülür.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisdə "Avronest" Parlament Assambleyasının "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi" mövzusunda keçirilən konfransında deyib.
Komitə sədri bildirib ki, qadın sağlamlığının qorunması ilk növbədə Azərbaycan Konstitusiyasında, Əmək və Ailə məcəllələrində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında" və "Reproduktiv sağlamlıq haqqında" qanunları ilə tənzimlənir.
Onun sözlərinə görə, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-cü ildə dövlət başçısı tərəfindən imzalanmış Dövlət Proqramı bu gün həyata keçir.
Komitə sədri deyib ki, Ailə Məcəlləsinin 17-ci maddəsində təsbit olunub ki, ailə cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsindədir: "Burada nikah hüquqları, nikah yaşı, nikaha daxil olan şəxslərin tibbi müayinəsi öz əksini tapıb. Bir neçə il bundan qabaq Azərbaycanda nikaha daxil olan şəxslərin tibbi müayinəsini icbari qaydada həyata keçirməyə başladıq. Çox gözəl nəticələrini gördük. Müayinələr nəticəsində bir çox insan həyatı üçün təhlükəli olan xəstəliklər aşkara çıxarılıb və müalicə olunmağa başlanıb".