BAKI, 22 sentyabr — Sputnik. Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında keçirilən görüş başa çatıb. Gözlənildiyi kimi, görüş ciddi nəticə verməyib.
Əslində, Ankaranın Birləşmiş Ştatlardan istəyi Vaşinqton üçün bu mərhələdə arzuolunmaz idi. Fətullah Gülənin təhvil verilməsi, Ərdoğanın mühafizə xidmətinə qarşı açılan cinayət işinin ortadan qaldırılması, Rza Zərraba qarşı açılan cinayət işinə xitam verilməsi, Suriyada YPG və PYD-yə silahın verilməməsi tələblərinə əməl etmək çətin idi.
ABŞ Yaxın Şərqdə silahlı toqquşmaların davam etdirilməsində maraqlıdır. Bunun üçün o, bir sıra terror qruplarını gücləndirib, İran və Türkiyə istiqamətində onların fəallaşmasını təmin etməyə cəhd göstərir. Əsas hədəf İrandır, Türkiyənin isə Tehrana lazımi dəstək verə bilməməsi üçün öz daxili problemləri ilə başının qatılmasına çalışılır.
Tramp Ərdoğanın bu istəklərini yerinə yetirməkdə gücsüzdür. O, Ərdoğanın 3 istəyinin ona aid olmadığını, müstəqil Amerika məhkəməsinin səlahiyyətinə aid olan mövzular olduğunu bildirir. YPG və PYD-yə dəstəyə gəldikdə, Amerikaya məxsus hərbi texnikanın YPG-yə ötürüldüyünə dair şəkillər "Vaşinqton Suriyadakı silahlı kürdlərə dəstəkdən vaz keçəcəkmi" sualına konkret cavabdır.
Vaşinqton da Ankaranın Rusiya və İranla yaxınlaşmasını istəmir, Moskvadan S-400 raketlərinin alınmasını və bu ölkə ilə enerji anlaşmalarını genişləndirməyin əleyhinədir. Trampın bu istəklərini Ərdoğan nəzərə almır.
Bu halda Suriyada savaşın səngiməyəcəyini ehtimal edə bilərik. Amerika Rakkaya hücum edə bilər, oranı İŞİD-dən təmizləyə də bilər. Lakin bu, terrorun azalmasına səbəb olmayacaq. İŞİD, yaxud başqa təşkilat vasitəsilə proseslər Türkiyə, İran, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Çin istiqamətlərində genişlənə bilər.
Ərdoğan-Tramp görüşündə Rakka ilə bağlı razılığın əldə olunmaması arxasında dayanan əsas səbəb bununla bağlıdır. Vaşinqton açıq şəkildə bildirir ki, Yaxın Şərqdə İsraildən başqa heç bir dövlətlə dərin qatlarda əməkdaşlıq etmək fikrində deyil, onların heç birinə güvənmir və yerlərdə özünün, müttəfiqlərinin yaratdıqları silahlı qruplarla işi davam etdirmək niyyətindədir.
Donald Tramp və komandası Türkiyəyə nə qədər söz versə ki, YPG Ankaraya qarşı hərəkət etməyəcək, bunlar boş vədlərdir. Çünki YPG-nin əsas məqsədi Suriya, Türkiyə, İraq ərazilərini əhatə edən müstəqil dövlət yaratmaqdır. Həmin səbəbdən Rəcəb Tayyib Ərdoğan da Donald Trampla görüşdə qəti bildirib ki, əgər YPG Türkiyəyə qarşı nəsə etsə, mütləq heç kimdən icazə almadan vurulacaq.
Vaşinqton Sincar, Mosul, Kərkük, Telafir istiqamətlərində də terror qruplarına dəstək verməkdədir. Bunlara paralel olaraq "peşmərgə"dən ordu düzəltmək kimi bir prosesə start veriblər. Deməli, Yaxın Şərqdə böyük dövlətlər arasında uzun sürən müharibə yaratmaq məqsədindən danışmaq olar. Bunlar o anlama gəlir ki, ABŞ-Türkiyə münasibətlərinin taleyi hələlik aydın deyil. Tərəflər öz maraqlarını gözləməkdə qərarlıdırlar.
Rəsmi Ankara terror qrupları kimi tanıdığı silahlı təşkilatlarla mübarizəsini bütün gücü ilə davam etmək məcburiyyətindədir. Bu məsələdə Amerika səmimiyyətlə onun yanında deyil. Çox güman ki, iqtisadi-ticari sahələrdə əməkdaşlığı inkişaf etdirməklə bağlı söylənən fikirlər daha çox görüntü xarakteri daşıyır. Çünki həm D. Trampın yeritdiyi xarici siyasət kursu, həm də konkret olaraq Yaxın Şərq məsələsi əməkdaşlığın asan olmayacağını göstərir.
Ərdoğana yeni müttəfiqlər lazımdıır. Yaranmış vəziyyətdə o, İrana üz tuta bilər. Bir sözlə, Vaşinqtonun bölgədəki iki əsas rəqibi yeni əməkdaşlığa başlaya bilər. Bu müstəvidə perspektiv münasibətlərdə Azərbaycanın da yer ala biləcəyinə dair açıqlamalar səslənməkdədir. Ankara – Tehran — Moskva arasındakı əlaqələrə Azərbaycanın qatıla biləcəyi fikri səsləndirilir.
Onu da vurğulayaq ki, son zamanlar Azərbaycan — Türkiyə — Gürcüstan, Azərbaycan — Rusiya — İran kimi formatlar da gündəmə gəlib. Yəni regional problemlərin həllində Bakının iştirakı təmin olunur və avtomatik olaraq Ermənistan bu proseslərdən təcrid olunur. Bu isə prioritet problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Yəni geosiyasi məsələlərin həlli məhz Azərbaycanla bir yerdə təmin oluna bilər.
Bu arada, Türkiyə Xəzərin statusunun tezliklə həll olunmasında maraqlıdır və bununla Türkmənistan qazının nəqlində iştirak edə bilər. Hərbi əməkdaşlığa gəldikdə isə, NATO üzvü olan Türkiyə və əks blokun başında dayanan Rusiya ilə bir yerdə olmaq Azərbaycan və onun təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üçün vacib və önəmli bir məsələdir. İranın da bu formatda təmsil olunması Azərbaycan üçün və ümumiyyətlə, region üçün önəm kəsb edir.
Lakin bəzi araşdırmaçılar bu formatın səmərəli olacağına inanmırlar. Çünki tərəflərin bir-birindən istəyi fərqlidir. Türkiyə Cənubi Qafqazda real söz sahibi olmaq istəyən dövlətdir. Lakin İran və Rusiya Türkiyəni Cənubi Qafqaz problemlərinin həllinə dəvət etmək istəmir. Ümumiyyətlə, Rusiya ilə İranın ənənəvi mövqeyi ondan ibarətdir ki, regionun problemlərini region dövlətləri həll etməlidir, region dövlətlərindən başqa heç kim hərbi-siyasi üstünlüyə malik olmamalıdır. Bu, ənənəvi bir mövqedir.
Rusiya və İran Türkiyəni özlərinə müttəfiq kimi görür. İran, Türkiyə və Rusiya arasında əməkdaşlıq hansısa format çərçivəsində baş tuta bilər. Söhbət yalnız Cənubi Qafqazın problemlərindən, regional maraqlardan getmir. Həm də tərəflərin bir geosiyasi oyunçu kimi yerlərindən gedir.
Maraqlar tamamilə müxtəlifdir. Məsələn, İranla Rusiya ənənəvi olaraq Cənubi Qafqazda bir-biri ilə rəqabət aparır. Digər tərəfdən, bir-biri ilə bölüşməyə, razılaşmaya da meyillidirlər. Bunun bir çox səbəbi var. Səbəblərdən biri budur ki, hər iki tərəf Cənubi Qafqazın regiondankənar qüvvələrin təsiri altına keçməsini istəmir.
Digər tərəfdən, İran bütün hallarda Azərbaycanın güclü, çiçəklənən, demokratik dövlətə çevrilməsini istəmir. Çünki bu, İranın özünün daxilində ciddi problemlər yarada bilər. Cənubi Azərbaycan üçün bu, ciddi bir nümunə ola bilərdi. Regionu çox ciddi nəzarət altında saxlamaq, Azərbaycanın təsir imkanlarının genişlənməsinə yol verməmək hər iki tərəfin maraqlarına cavab verir.
Nəzərə almaq lazımdır ki, İran və Rusiya bir çox sahələrdə, xüsusilə də enerji sahəsində rəqabət aparır. Yaxınlarda bu rəqabət kifayət qədər genişlənəcək. Çünki İran dünya bazarına çıxmağa hazırlaşır. Eyni zamanda, öz qazını Avropa bazarına çıxardığı üçün Rusiyanın rəqibinə çevrilir.
Bunlardan əlavə, Rusiya ilə Türkiyə arasında Suriya və kürd problemləri var. Bu problemlərlə əlaqədar tərəflərin ümumi dil tapacağına ümidlər çox azdır. Moskva və Ankara iqtisadi cəhətdən əməkdaşlığa məhkumdurlar. Çünki Türkiyə həm enerji istehlakçısıdır, Rusiya isə həm enerji ixrac edir, həm də Türkiyə ərazisindən tranzit kimi istifadə etmək istəyir.
Siyasi şərhçilər bu amilə çox diqqət yetirirlər. Amma digər amili nəzərə almırlar ki, Türkiyənin iqtisadiyyatı daha çox Qərbə inteqrasiya olunub və Qərbdən aldıqları Rusiyadan aldıqlarından dəfələrlə çoxdur. Yəni söhbət Avropa Birliyi ilə gömrük və ticarət sazişindən gedir. Türkiyənin həmin sazişlərdən aldıqları Rusiyadan ala biləcəklərindən dəfələrlə çoxdur. Bu mənada ümid etmək ki, Türkiyə Qərbdən aldığı iqtisadi üstünlüklərdən imtina edəcək, bu, sadəlövhlük olardı.
Türkiyənin ticarət balansına, Ankaranın hara, nə satdığına baxmaq kifayətdir. Rusiya isə enerji daşıyıcılarını satmağa məhkumdur. Türkiyə bazarı da bundan imtina etsə, ziyan çəkəcək. Hətta münasibətlərin ən kəskin dövründə belə, Rusiya Türkiyəyə qaz satmaqda davam edirdi. Bundan başqa, Türkiyənin regiondakı nüfuzu da onun NATO üzvlüyünə bağlıdır. Əgər regionda Ankara ilə hesablaşırlarsa və azdan-çoxdan Türkiyəni eşidirlərsə, bu, daha çox Ankaranın Alyansın cənub cinahının əsas həlqəsi olması ilə bağlıdır. NATO-dan uzaqlaşan Türkiyə öz önəmini də itirə bilər. Bunu Ərdoğan da anlayır…