BAKI, 21 sentyabr — Sputnik. Vətəndaş Vidadi Əzizov iddia edir ki, keçmiş MTN polkovniki Mirəziz Əsgərovdan zərər görüb. O, məhkəmənin Mirəziz Əsgərovun barəsində çıxardığı qərardan narazıdır. Bununla bağlı Vidadi Əzizovun nümayəndəsi Fəxrəddin Məmmədov bu gün mətbuat konfransı keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, zərərçəkmiş və mülki iddiaçı Əzizov Vidadi Əsgər oğlunun nümayəndəsi Fəxrəddin Məmmədov deyib ki, V. Əzizov 1990-cı illərin əvvəllərindən sahibkarlıq fəaliyyəti ilə məşğul olur: "Azərbaycanda ilk sahibkarlardan biridir. Əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olub. Bundan sonra, 2007-ci ildə sahibkarlıq fəaliyyətini, məcburiyyət qarşısında qalıb xarici ölkələrdə davam etdirib. Çünki o illərdə Azərbaycanda sahibkarların fəaliyyətinə imkan verilmirdi. 2007-ci ildən Azərbaycanı tərk edərək Türkiyədə, Rusiyada, İranda, Ukraynada, Birləşmiş Ərəb Əmirlikərində və s. ölkələrdə iqtisadi fəaliyyətlə, əsasən də brokerlik, yəni, ticarət nümayəndəliyi fəaliyyəti ilə məşğul olub. Azərbaycan Respublikası Mülki Məcəlləsində də brokerlik fəaliyyəti Azərbaycanda yol verilən qanuni iqtisadi fəaliyyət növüdür".
Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs 2012-ci ildə öz ölkəsində fəaliyyət göstərmək qərarına gəlib: "Odur ki, 2012-ci ilin aprel ayının əvvəllərində 1 milyon dollar pulunu Dubay şəhərindən "Zaminbank"ın Bakı filialına köçürüb. İki gündən sonra özü gəlib ki, bankdan pulunu götürsün. Qayda-qanunla köçürülmüş puldur. Əgər Vidadi Əzizov o pulu hər hansı bir qeyri-qanuni yolla əldə etmiş olsaydı, o dövlətlərdə məsuliyyətə cəlb olunardı".
"Vidadi Əzizov pulunu almağa gələndə, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onu izləyirmişlər. Pulu götürüb bankdan çıxanda 30-40 maskalı şəxs onu tutub. Əməliyyata da rəhbərlik edən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks-kəşfiyyat İdarəsinin birinci idarəsinin şöbə rəisi polkovnik Mirəziz Əsgərov olub. Mirəziz Əsgərov şəxsən özü hadisə yerində olub, 30-40 əməliyyatçıya da bu şəxs rəhbərlik edib. Əzizov Vidadi Əsgər oğlunu pulu ilə birlikdə aparıblar. Özünü 8-9 saat saxladıqdan sonra, pulu qaytarmamaq şərti ilə buraxıblar" — nümayəndə qeyd edib.
F. Məmmədovun sözlərinə görə, istintaq orqanı Mirəziz Əsgərovu bu cinayətinə görə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham edib: "Vidadi Əzizovun, ümumilikdə 715 min ABŞ dolları pulunu əlindən alıblar. Bunların hamısı məhkəmədə də təsdiq olunub. Məhkəmə bu 7 maddənin hamısını təsdiqləyib. Biz gözləyirdik ki, dövlət ittihamçısı buna ən azı 14 il cəza istəyəcək, amma, 5 il cəza istədi. Mirəziz Əsgərova ümumilikdə 4 il azadlıqdan məhrumetmə cəzası verilib".
"Cəza ilə razılaşmamışıq və apellyasiya şikayəti vermişik. Eyni zamanda, verdiyimiz mülki iddia da təmin olunmayıb. 5 ildə əldən çıxan gəlir ilə birlikdə cəmi 1 milyon 39 min dollar iddiamız vardı. İddiamız da qəbul olunmuşdu. Ancaq son məhkəmə hökmündə göstərildi ki, bu pulun mənbəyi, mənşəyi hələ müəyyən deyil, bunlar da araşdırılsın, odur ki, mülki iddia təmin edilməsin. Biz ilk gündən — 2012-ci ilin aprel ayının 7-dən başlayaraq şikayətlər etmişik. İlk şikayəti Vidadi Əzizovun həyat yoldaşı edib. Sonuncu şikayətimiz 2015-ci ilin sentyabr ayının 17-də olub. 3 ildə 124 şikayət olub. Tələbimiz, xahişimiz budur ki, Mirəziz Əsgərova layiq olduğu cəzanı məhkəmə versin. Mütəşəkkil dəstənin digər üzvləri cinayət məsuliyyətinə cəlb edilsinlər. Vidadi Əzizova vurulmuş maddi ziyan dövlət hesabına ödənilsin. 1 milyon 39 min ABŞ dolları pul ödənilməlidir" — Məmmədov vurğulayıb.