BAKI, 30 yan — Sputnik. Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, prosesdə vaxtilə MTN-də çalışmış bir nəfər və hazırda DTX-da işləyən başqa bir şəxs şahid qismində ifadə verib. Onlar nazirliyə gələn şəxsləri qarşılayıb yuxarı qaldırdıqlarını deyiblər.
Prosesdə A. Çovdarovun vəkilləri ekspertiza məsələsini qaldırıblar. Bildiriblər ki, A. Çovdarovun yanında daim holter aparatının olması və istədikləri həkimlərin onu müayinə etmələri barədə tələbləri ekspertiza tərəfindən təmin edilməyib. A. Çovdarov bildirib ki, ona formal ekspertiza lazım deyil: "Bu tələblərə əməl olunmasa, növbəti prosesə gəlməkdən imtina edəcəyəm və aclıq aksiyasına başlayacağam".
Proses fevralın 1-də davam edəcək.