BAKI, 21 sentyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərin sertifikatlaşdırılmasına başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunları zamanı Bakıda Sürücülərin hazırlıq Mərkəzi təşkil olunub. Bu, paytaxtın ictimai nəqliyyatının başlıca problemlərindən birini — peşəkar sürücü bazasının olmamasını həll etmək üçün qurulmuşdu. Ona görə də agentlik qərara gəlib ki, xüsusi mərkəz yaradılsın və ildə bir dəfə Bakı şəhər nəqliyyatında işləyən bütün sürücülər məcburi təlimlərə cəlb edilsin.
Sürücülük hüququnu təsdiq edən sənədin olmasına baxmayaraq, sürücülərə təlim kurslarında sərnişin daşınmasının nəzəriyyəsi və praktiki bacarıqlar öyrədiləcək.
Ağayev bildirib ki, artıq ilk belə kurslara start verilib. İlk növbədə bu kurslara iri sərnişin daşıyan avtobusların sürücüləri cəlb edilib. Kursun sonunda əldə edilmiş biliklər yoxlanılacaq. İmtahandan keçən sürücülər sertifikat alacaq. Bununla yanaşı, onların adı BNA-nın Bakı sürücülərinin vahid məlumat bazasına daxil ediləcək.
Kurslara paytaxt ictimai nəqliyyatının təxminən üç min sürücüsünün cəlb edilməsi gözlənilir.
Növbəti mərhələdə artıq bu kurslarda müvafiq sürücülük kateqoriyası olan bütün vətəndaşlar iştirak edə biləcək. Axırda imtahanlardan yaxşı qiymət alan şəxslərin adları sürücülərin vahid məlumat bazasına daxil ediləcək. Sərnişindaşıyan kadrların toplanması zamanı işçilər vahid məlumat bazasındakı lisenziyalı sürücülər arasından seçiləcək.
Bununla yanaşı, bu gün Bakı avtobuslarının sürücülərinin peşəkar təlimə ciddi ehtiyacı var. Onların çoxu mövcud qaydalara baxmayaraq, çox tez-tez yol hərəkəti qaydalarının tələblərini pozurlar. Bəziləri sadəcə sərnişinlərlə düzgün rəftar etməyi bacarmır, bəziləri isə stress vəziyyətindən çıxmağın yollarını bilmirlər. Bu cür bacarıqların zəruriliyi özünü son hadisələr zamanı da göstərib. Son aylar ərzində sürücülər bir neçə dəfə aqressiv sərnişinlərin hücumlarına məruz qalıblar.
Misal üçün, sentyabrın 3-də 96 nömrəli marşrut avtobusunun sərnişini maşını istədiyi yerdə (nəqliyyatın dayanmasının uyğun olmadığı yerdə) saxlamadığı üçün sürücüyə hücum edib. Digər insident sentyabrın 18-də 135 nömrəli sərnişin avtobusunun sürücüsünün başına gəlib. O, sərnişinlərdən avtobusa qabaq qapıdan daxil olmağı və oradakı ödəmə terminalına gedişhaqqını ödədikdən sonra içəri keçməyi tövsiyə edib. Bu zaman sürücü ilə sərnişinin mübahisəsini eşidən cavan oğlan sürücüyə hücum edərək yumruğu ilə onun qaşını partladıb. Zərərçəkmiş dərhal Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkimlər onun qaşına tikiş qoymalı olublar. Bu faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparıb və artıq günahkar tapılıb.
Əlavə edək ki, bu gün ən iri sərnişindaşıyıcısı BakuBus MMC-dir. Yaxın zamanlarda ictimai nəqliyyatın sıralarına yeni sərnişindaşıma qurumları da qoşulacaq. BNA artıq Bakı şəhəri üçün nəzərdə tutulan 300 yeni avtobusun alınmasının anonsunu verib. Buna görə də paytaxtda ixtisaslı sürücülərə olan tələbat artacaq.