BAKI, 18 sentyabr — Sputnik. Uzun müddət idi ki, "Qələbə dairəsi"nə gələn yol ikiyə ayrıldığı üçün körpünün altında dönüb geri qayıdan avtomobillər Yasamal Rayon Polis İdarəsinin qarşısında sıxlıqla qarşılaşırdılar və sol yola çıxmaqda problem yaşanırdı. Artıq iki gündür ki, bu problem öz həllini tapıb.
"Azəravtoyol" ASC nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, dövlət başçısının avtonəqliyyat vasitələrinin və piyadaların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlara əsasən, "Azəravtoyol"ASC tərəfindən Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb. Genişləndirilən yol hissəsinin uzunluğu 400 metrdir: "Belə ki, küçənin "Qələbə dairəsi"nə doğru olan hissəsində əsas yolla köməkçi yolu ayıran ayrıcı zolaq ləğv edilib. Nəticədə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub, həmçinin əlavə daha 1 hərəkət zolağı yaranıb".
Qeyd edək ki, genişləndirmə işləri aparılan hissəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib və yola üfüqi nişanlanma xətləri çəkilib.