BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanın İran əsilli əməkdar artisti Yaqub Zurufçu artıq uzun illərdir ki, Bakıda yaşayır və buradan heç yerə getməyə hazırlaşmır. Onun bütün həyatı praktiki olaraq Azərbaycanda keçib və o, məhz burada müğənni kimi şöhrət qazanıb. O, Azərbaycan əsilli İran müğənnisi Ququşun (Faiqə Atəşin) dostu və həmkarı olaraq, onun Ermənistanda konsert proqramı ilə çıxış etməsini şərh edib.
Sputnik Azərbaycan-a müsahibəsində Zurufçu bildirib ki, o, vətənpərvərdir və heç vaxt öz ölkəsini satmaz. Zurufçunun sözlərinə görə, hansı peşənin sahibi olmağından asılı olmayaraq, öz xalqının əleyhinə getmək olmaz. Və həmkarlarından fərqli olaraq, onu heç kəs Ermənistanda çıxış etməyə məcbur edə bilməz.
"Bilirsiz, insan özü-özünü xalqın bir hissəsi kimi hiss etməlidir. Əgər onda daxilən bu hiss yoxdursa, onu nədəsə günahlandırmaq olmaz. Gəncliyimdə İranda azərbaycanlı müğənnilərin öz milliyyətlərini gizlətməyə çalışdıqlarına az şahid olmamışam. Onda aydın idi ki, onlar qorxurdular və hətta Azərbaycan dilində mahnı belə oxumurdular. Amma mən bundan qorxmurdum" — deyə Zurufçu bildirib.
Müğənninin sözlərinə görə, indiyə qədər heç vaxt eşitməyib ki, Ququş haradasa özünün azərbaycanlı olduğunu desin. Zurufçu Ququşun özünü iranlı hesab etdiyini və indi də bu mövqeyində qaldığını bildirib.
Müğənninin fikrincə, bütün peşə sahibləri kimi yaradıcı adamlar arasında da elələri var ki, siyasətlə maraqlanmırlar və hər şeydən kənarda dayanmağa çalışırlar. Belə adamları tənqid etmək doğru deyil, çünki onları dəyişmək çətindir.
"Əgər adam özünü azərbaycanlı hesab etmirsə, əlbəttə ki, onun Ermənistanda çıxış etməsi tamamilə normaldır. Ququşun səfəri siyasi xarakter daşımır. O, ora yalnız konsert vermək üçün gedib. O, artıq on ildən çoxdur Amerikada yaşayır və oxumaqla pul qazanır. Ona görə də Ermənistanın təklifi ilə razılaşıb" — deyə Zurufçu bildirib.
Onun sözlərinə görə, eyni milliyyətdən olduqlarından, Ququşla insan olaraq uzun müddət bir-birilərini dəstəkləyiblər və ailəvi münasibətləri olub. Ququşun anası Gəncədə anadan olub, atası isə İran azərbaycanlısıdır. Zurufçunun sözlərinə görə, Ququş demək olar ki, bütün mahnılarını fars dilində oxuyub, onun sadəcə iki mahnısı Azərbaycan dilindədir.
"Bizim onunla həmişə yaxşı münasibətlərimiz olub və hətta indi də əlaqə saxlayırıq. Əgər adam özünü bizim xalqın bir hissəsi hesab etmirsə, onu niyə məcbur edək ki? Onun pasportunda yazılıb ki, iranlıdır. Mən bir həmkar olaraq onu günahlandırmıram" — deyə Zurufçu bildirib.
Müğənni hesab edir ki, əgər biz onu Azərbaycanda görmək istəsək, Ququş nə vaxtsa Bakıda da konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, 70-ci illərdə Ququş Türkiyə, Cənubi Koreya, ABŞ və Orta Asiyada məşhur müğənni və aktrisa kimi tanınıb. SSRİ-də o, "Uzun gecə" filmi ilə məşhurlaşıb. 1979-cu ildə İranda İslam inqilabı baş verdikdən sonra ona səhnəyə çıxıb oxumaq qadağan edilib. 2000-ci ildə Ququş Los-Ancelesdə məskunlaşıb və o vaxtdan yaradıcılığını davam etdirir.
O, Amerikaya gedəndən sonra postsovet ölkələrinin səhnəsində çıxış etməyib. Amma bu yaxınlarda o, Gürcüstanda və Ermənistanda konsert vermək qərarına gəlib. Bu ilin 31 avqustunda Yerevanda, 3 sentyabrında isə Tbilisidə konsert proqramı ilə çıxış edib.