İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 18 sentyabr — Sputnik. Şəhərin küçələrində, qəzetlərdə, saytlarda müxtəlif işədüzəltmə firmalarının elanları yer alır. İşədüzəltmə firmaları bu elanlarda işsizlərin 100 faiz işlə təmin olunacaqlarına söz versə də, çox zaman bu firmalara müraciət edənlər əliboş geri qayıdırlar.
Bəs bu firmalar necə və nəyə görə yaranır, onlarla necə mübarizə aparmaq olar?
Samirə Abdullayeva adlı vətəndaş bildirir ki, uzun zaman işsiz qaldığına görə, paytaxtda bir neçə işədüzəltmə şirkətinə müraciət edib. Amma dediyinə görə, nəinki işlə təmin edilib, əksinə, hər firmada izafi olaraq 10 manat xərcə də düşüb.
"Uzun zamandır ki, işsiz olduğum üçün qəzetləri vərəqləyir, saytlara baxır, küçələrdə yapışdırılan bütün elanlara müraciət edirəm. Bir neçə dəfə işədüzəltmə firmasında da getmişəm. Firma ilə telefon əlaqəsi saxladıqda mənə uyğun iş olduğunu bildirdilər və ofisə yaxınlaşmağımı istədilər. Razılaşdım" — o, Sputnik Azərbaycan-a danışır.
Menecer ona bildirib ki, ilk ayın əmək haqqının 50 faizi onun və firmanın olacaq: "Buna da razılaşdım. Əvvəlcə 10 manat verib, anket doldurmağımı istədilər. İşə düzələcəyimi düşündüyüm üçün razılaşdım. Menecer məni mağazalardan birinə apardı. Bilmirəm, nə danışdı, çıxıb dedi ki, artıq işçi götürüblər. Müvafiq iş olan kimi mənimlə əlaqə saxlayacaqlar".
Abdullayeva deyir ki, belə hal ilə dəfələrlə qarşılaşıb.
Əvvəllər işədüzəltmə firmasında menecer olan Nazim Əkbərovun sözlərinə görə, firmalar vətəndaşlardan yığdığı 10 manatların hesabına fəaliyyət göstərir: "Elan verilir və bir elana görə onlarla insan müraciət edir. Elə vaxt olur ki, firmaya bir gündə 50-60 nəfər müraciət edir. Hər firmanın da 2-3 meneceri olur ki, onlar da maaşa deyil, faizə çalışırlar. Nə qədər çox işçi gətirdinsə, sənin xeyrindir. Əldə edilən gəlirin 10 faizi sənindir".
N.Əkbərov bildirir ki, hər bir işçini işə düzəldən zaman onun ilk ayının əmək haqqının 50 faizi firma tərəfindən tutulur. Bu məbləğ də, menecerlə firma arasında yarıbayarı bölünür. Bu səbəbdən də hazırkı dövrdə işədüzəltmə firması saxlamaq sərfəlidir.
"Fırıldaqçı şirkətlər çoxdur. Amma bəzi şirkətlər vətəndaşlara anket doldurtdurub, 10 manatı aldıqdan sonra, iş olsa belə, həmin vətəndaşla maraqlanmır. Onların əsas məqsədi işədüzəltmə deyil, qazanmaqdır. Bəzi şirkətlər vətəndaşları işə düzəltmək üçün öncədən pul tələb edirlər. Bu, əsasən kişilərin mühafizə xidmətlərinə işə düzəlməsi ilə bağlı olur. Onlardan, öncə 1000-1500 manat məbləğində pul tələb edilir. Belə işçilərin maaşı adətən 600-800 manat göstərilir" — Ələkbərov danışır
O, əlavə edir ki, çox adam belə elanlara aldanır: "Bu zaman qazanan firma olur. Firmalar adlarını dəyişdirib fəaliyyətlərinə davam edə bilir. Buna görə də, sizi işə düzəltməyi vəd edən insanları şəxsən tanımadan onlara etibar etməyin".
"Bir neçə dəfə qarşılaşmışam. Tutaq ki, bir mağazada satıcıya ehtiyac var. Menecerlə işəgötürən öz aralarında razılığa gəlib, işçini götürürlər. İlk ayın əmək haqqının yarısını menecer alır, işəgötürən işçini ikinci ay yarıya qədər işlədib, əmək haqqını da kəsərək işdən uzaqlaşdırır. Yəni vətəndaşlar işədüzəltmə şirkətlərinə etibar etməsələr, daha yaxşıdır. Orda 1000 adamdan biri iş tapa bilər ki, bu da həmin şəxsin səbrindən, prinsipiallığından asılıdır" — müsahibimiz vurğulayır.
Sosioloq Əhməd Mansurovun da sözlərinə görə, hazırda çox az işədüzəltmə firması var ki, qanunlara riayət edərək çalışır: "Buna görə də hər bir vətəndaş işədüzəltmə firmasına müraciət etdiyi zaman diqqətli olmalıdır. İşədüzəltmə firmalarının yaranması prosesi 2003-cü ildən sonra artmağa başladı. Təəssüf ki, çoxunda ad işədüzəltmə olsa da, məqsəd başqa idi. Dəfələrlə firmalar tərəfindən aldadılan şəxslərlə qarşılaşmışıq. Firmalar anket doldur deyərək, vətəndaşlardan 10 manat alır, sonra isə heç həmin vətəndaşı xatırlamırlar da. Və yaxud firma vasitəsilə işədüzələn şəxslər həmin işdə uzağı bir ay çalışa bilirlər".
Mansurov hesab edir ki, vətəndaşlar işədüzəltmə şirkətlərindən çox məşğulluq idarələrinə etibar etməlidirlər: "Çünki məşğulluq idarələri, heç olmasa dövlətindir, vətəndaşdan heç bir məbləğ tələb edilmir və iş olan zaman vətəndaş xatırlanır. Eyni zamanda, məşğulluq idarələrində qeydiyyatda olan şəxslər işsiz kimi müəyyən məbləğ də ala bilərlər. Qəzetlər, saytlar, divarlara vurulan elanların çoxu həqiqəti əks etdirmir. Çalışın, aldanmayın".
Hüquq müdafiəçiləri isə məsləhət görürlər ki, işədüzəltmə firmasının qurbanı olmusunuzsa, hüquq mühafizə orqanlarına müraciət edin. Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, işədüzəltmə agentliklərinin işə düzəlmək istəyənlərdən ümumiyyətlə pul götürməsi qeyri-qanunidir.
"Əgər aldanmısınızsa, sizə küllü miqdarda zərər dəyibsə, şəxsiyyət vəsiqənizi alıb qaytarmayıblarsa və ya sizdən pul alandan sonra şəxsiyyət vəsiqənizi qaytaracaqlarını deyirlərsə, polisə müraciət edin. Belə halda işədüzəltmə firmasının məsul şəxsinə Cinayət Məcəlləsinin 178 maddəsi (dələduzluq) ilə cinayət işi açıla bilər. Ən yaxşısı, etibar etmədyiniz insanlara pul və yaxud şəxsiyyət vəsiqəsi verməyin" — Həmidli qeyd edir.