BAKI, 18 sentyabr — Sputnik. Üzeyir Musiqi Günü münasibətilə, mədəniyyət və incəsənət xadimləri l Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər. Sputnik Azərbaycan xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, musiqiçilər, incəsənət xadimləri iştirak ediblər.
Nazir Əbülfəs Qarayev bildirib ki, Üzeyir bəyin adı Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılıb. Onun yaratdığı musiqilər təkcə Azərbaycan yox, ölkəmizin hüdudlarından kənarda da böyük uğurla səslənir.
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Milli Musiqi Günün keçirilməsinin əhəmiyyətindən danışıb, Üzeyir Hacıbəylinin yaratdığı zəngin irsə nəzər salıb. Onun sözlərinə görə, hər il dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanır.
Daha sonra tədbir Bakı Musiqi Akademiyasının qarşısında davam etdirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Üzeyir Hacıbəylinin adı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və o, heç zaman unudulmayacaq: "Üzeyir Hacıbəylinin adı ilə bağlı olan və artıq ənənəvi olaraq beynəlxalq səviyyədə keçirilən növbəti musiqi festivalı bütün musiqisevərlərə gözəl bir hədiyyə olacaq".
Bildirilib ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı bu gündən başlayıb və proqramı olduqca zəngindir. Belə ki, festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacaqlar.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Milli Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi bayram münasibətilə musiqisevərləri təbrik edib, festivalın əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada həm də musiqi diyarı kimi tanınmasındakı rolundan danışıblar.
Çıxış edənlər dahi bəstəkarın Azərbaycan musiqisindəki rolundan da söz açaraq bildiriblər ki, bu gün bu gün dünyanın məşhur musiqiçiləri Üzeyir bəyin musiqisini dinləyir, onu tanıyır və qiymətləndirirlər.
Tədbirin sonunda Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.