BAKI, 18 sentyabr — Sputnik. Bu gün dünya şöhrətli azərbaycanlı bəstəkar, dramaturq, pedaqoq, milli musiqimizin inkişafında misilsiz xidmətləri olmuş Üzeyir Hacıbəyovun anadan olmasının 132-ci ildönümüdür.
Üzeyir Hacıbəyov 1885-ci ilin 18 sentyabrında Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub.
O, ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində alıb. Şəhərin zəngin musiqi-ifaçılıq ənənələri Üzeyir Hacıbəyovun musiqi tərbiyəsində mühüm rol oynayıb. Sonrakı illərdə Qori Müəllimlər Seminariyasında aldığı təhsil onun dünyagörüşünün formalaşmasına müsbət təsir göstərib.
Bir neçə il sonra Bakıya gələn Ü. Hacıbəyov əvvəlcə, Bibiheybətdə, sonra isə "Səadət" məktəbində dərs deyib. O, Bakıda ədəbi-publisistik fəaliyyətə başlayaraq "Həyat" qəzetində, habelə "İrşad" qəzetində çalışıb.
Bədii yaradıcılığa publisistika ilə başlayan Ü. Hacıbəyov müxtəlif mətbu orqanlarda "Filankəs", "Behmankəs", "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa", "Tısbağa", "Qatilov", "Cin", "Xoca Lələ", "Bızbıza", "Çoban" təxəllüsləri və ləqəbləri ilə məqalələrini dərc etdirib. Məşhur publisist, pedaqoq ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi 1935-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 3 il sonra isə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Elmlər Akademiyasının akademiki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru Ü.Hacıbayov müsəlman şərqində ilk operanın müəllifi kimi tarixə düşüb.
Lakin dahi Üzeyir Hacıbəyovun Azərbaycan tarixindəki müstəsna xidmətləri təkcə bunlarla yekunlaşmır. Ötən əsrin 30-cu illərində bolşevik diktaturasının xalqa zülmü ən yüksək həddə çatanda, repressiya illərində imperiya rəhbərliyi yalnız əsarət altında saxladığı xalqları deyil, onların milli-mənəvi dəyərlərini, qədim mədəniyyətlərini, incəsənətlərini də məhv etməyə çalışırdı. Otuzuncu illərdə tarın "açıq məhkəməsi" keçirilirdi. Üzeyir Hacıbəyov Müslüm Maqomayevlə birlikdə (Bu gün həm də Müslüm Maqomayevin doğum günüdür — red.) Azərbaycan xalq musiqisinin ifasında geniş istifadə edilən simli musiqi alətini bolşevik caynağından xilas etdi.
Böyük Vətən müharibəsi illərində faşist işğalçılarının darmadağın olunması üçün milyonlarla ölkə sakini kimi Ü.Hacıbəyov da Qızıl Orduya əlindən gələn köməyi edirdi. Onun Dövlət Bankına şəxsi əmanətlərindən “Azərbaycan İncəsənəti” tank dəstəsinin istehsalı üçün 25.000 rubl köçürməsi, eləcə də digər xidmətləri bu şəxsiyyətin tariximizdəki misilsiz xidmətlərindəndir.
Azərbaycan dilində milli operanın, bir sıra musiqili komediyaların, kamera — instrumental, orkestr əsərlərinin, bir sıra mahnıların yaradıcısı, əbədiyaşar ictimai xadim, vətənpərvər ziyalı 1948-ci ilin 23 noyabrında vəfat edib.