ELM

"Qorxulu gün" gəlib çatdı: nə etməli?

CC0 / adibalea / BabyРебенок, фото из архива
Ребенок, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cəmi 10 gün səbr edib, üzərinizə düşəni yerinə yetirsəniz, sonra problem yaşamayacaqsınız

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. Artıq yeni tədris ili başladı. Bütün uşaqlar məktəb həyəcanı yaşasa da, birinci sinfə gedən uşaqlar daha çox narahat olurlar. Məktəbə getmək istəmir, elə düşünürlər ki, məktəbə getmək onu valideynlərindən uzaqlaşdıracaq.

© Sputnik / Irade JELILPsixoloq Fərqanə Mehmanqızı
Psixoloq Fərqanə Mehmanqızı  - Sputnik Azərbaycan
Psixoloq Fərqanə Mehmanqızı

"Güzgü Dəyişim və İnkişaf Mərkəzi"nin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a bildirir ki, məktəb həyatının öz qanunları var. Amma bu qanunları mənimsəmək, onlara uyğun hərəkət etmək üçün uşaq məktəbə hazır olmalıdır. Uşaqlara qaydalara riayət etməyi kiçik yaşlarından öyrətmək lazımdır.

"Çünki qaydalarla böyüyən uşaqlar həyatda hər zaman hər şeyin yerini bilirlər. Uşaqlar bizim gələcəyimizdir. Onların təhsilə marağı da gələcəklərinin bünövrəsini qoyur. Lakin hər uşaq bunu yaşına uyğun qavrayıb, həyatda tətbiq edə bilmir. Bu sahədə biz valideynlərin də günahı az deyil. Biz bu gün övladlarımızı təhsilə yönləndirən zaman onların daxili dünyalarını da nəzərə almalı, onların şəxsiyyət kimi yetişməsinə önəm verməliyik" — Mehmanqızı deyir.

Psixoloq hesab edir ki, uşaqları məktəb dövrünə hazırlayarkən, məktəbəqədərki dövrdə onlara xüsusi nəzarət olmalıdır: "Məktəbəqədərki dövr uşaqların istər fiziki, istər psixoloji inkişafında çox önəmlidir. Buna görə də, məktəbdən öncə uşaqlar mütləq dərnəklərə, kurslara getməli, məktəbə qədər olan proqramı öyrənməlidirlər. Ən önəmli problemlərdən biri olan məktəb fobiyası birinci sinfə gedən uşaqlarda daha çox rast gəlinir. Çünki valideynlər uşaqları məktəblə hədələyir, təzyiqlərlə qarşı-qarşıya qoyurlar. Bu da uşaqlarda məktəb qorxusu yaradır".

Həmsöhbətimizin dediyinə gərə, uşağa mütəmadi olaraq "qorxma" demək olmaz. Çünki uşağa "qorxma" deyəndə, o, daha çox qorxur: "Yeni bir mühitə düşəcəyini düşünən uşaq həmin mühit barədə öncədən məlumatlı olmaq istəyir. Bunu bilməsi isə valideyndən asılıdır".

Beləliklə, psixoloq valideynlərə aşağıdakı tövsiyyələri verir:

— Övladınızı səhər yuxudan oyandırın. İlk günlər uşaqlar yeni rejimə alışa bilmədikləri üçün onları sizin oyatmağınıza ehtiyacı var. Ana və ataların uşağı yuxudan oyatması onları mənən rahatlaşdırır;

— Uşağınıza dişlərini fırçalamasına, geyinməsinə, məktəbə hazırlanmasına yardım edin. Övladınızla birlikdə səhər yeməyi yeməyiniz onun əhvalını yüksəldəcək;

— Çantasını sinifə aparın və sizinlə rahatca sağollaşmasına imkan yaradın;

Birinci sinif şagirdinin məktəb hazırlanması, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Son iki gün: biz bu yükü necə daşıyacağıq?

— Hər zaman övladınızla sakit, yumşaq səs tonu ilə danışın. Uşaqlar valideynlərinin narahat olduğunu hər zaman hiss edə bilirlər. Buna görə də, çalışın ki, övladınızı sinifə aparanda rahat olasınız.

Uşağa heç vaxt bu sözləri deməyin:

"Narahat olma, yan otaqdayam, səni heç vaxt buraxmaram". Bu cümləni uşaq özü üçün belə təhlil edir: "Sənin üçün narahatam, əgər mənə icazə versələr, səni yan otaqda gözləyəcəyəm";

"Səni heç vaxt məktəbdə yaddan çıxarmaram. Mən yaddan çıxarsam da, atan, baban, nənən səni götürəcək". Uşaq bu cümləni belə başa düşür: "Ola bilər ki, yadımdan çıxasan, amma yəqin ki, başqasının yadına düşər, səni götürər";

"Məktəbə getmək istəyirsən?" Uşaq belə başa düşür: "İstəmirsənsə, getmə. Evdə televizor və oyuncaqlarınla oynaya bilərsən".

Uşağa bu sözləri mütləq deyin:

"Çoxlu dostların olacaq!";

"Görəsən, nə qədər yeni oyun öyrənəcəksən? Mənə də öyrədərsən, birlikdə oynayarıq";

"Məktəbə gedəndə müəllimlərinə ən sevdiyin oyuncağını və ya kitabını göstərə bilərsən. İnanıram ki, onlar da bəyənəcək";

"Sən məktəbdə olanda səni çox düşünürəm. Amma əminəm ki, yaxşı əylənə bilirsən".

F. Mehmanqızı bildirir ki, uşağın məktəbə alışması üçün 10 gün bəs edir: "Uşağın dərsə getmək istəməməsi önəmli narahatlıqdır. Amma siz 10 gün səbr edib, onu məktəbə həvəsləndirsəniz, sonradan belə problem yaşamayacaqsınız".

Xəbər lenti
0