İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 13 sentyabr — Sputnik. İki gün sonra yeni tədris ili başlayır. Artıq valideynlər məktəb üçün lazım olan bütün vəsaitləri bacardıqları qədər almağa çalışıblar. Uşaqların məktəb ləvazimatları arasında ən önəmli və bahalı vəsait isə, sözsüz ki, məktəb çantalarıdır. Çünki uşaq bütün tədris ili boyunca bu çanta ilə təmasda olur, onu daşıyır, yanında və ya kürəyində gəzdirir.
Valideynlər uşaqlarının rahatlığını düşünməklə yanaşı, maddi vəziyyəti də göz önünə aldıqları üçün çox zaman çanta seçimində diqqətli olmurlar. Onlar çantanın qiymətinin aşağı olması üçün yüngül və ucuz çantalara daha çox üstünlük verirlər. Mütəxəssislərin fikrincə isə, çanta seçimi çox önəmli bir prosesdir. Əgər uşaq kiçik siniflərə gedirsə, bu daha böyük əhəmiyyət kəsb edir.
Təhsil eksperti Kamran Əsədovun Sputnik Azərbaycan-a açıqlamasında görə, birinci sinif Azərbaycan bölməsi üzrə fənlərin sayı 9, dərslərin sayı 5, dərsliklərin ümumi çəkisi 1,34 kq-dır: "Bir dərsliyin orta hesabla çəkisi isə 0,27 kq-dır. Rus bölməsi üzrə isə müvafiq olaraq 10, 6, 1,47 kq-dır. Bir dərsliyin orta hesabla çəkisi isə 0, 25 kq-dır. Üçüncü sinif Azərbaycan bölməsi üzrə fənlərin sayı 9, dərslərin sayı 8, dərsliklərin ümumi çəkisi 2,07 kq-dır. Rus bölməsi üzrə bu, müvafiq olaraq 10, 9 və 2,34 kq-dır. Həm rus, həm də Azərbaycan bölməsi üzrə bir dərsliyin orta hesabla çəkisi isə 0,26 kq-dır".
"Bundan başqa, 4-cü sinif Azərbaycan bölməsi üzrə dərsliklərin ümumi çəkisi 2,34 kq, rus bölməsi üzrə isə 2,45 kq təşkil edir. 4-cü sinif həm rus, həm də Azərbaycan dili üzrə bir dərsliyin orta hesabla çəkisi isə müvafiq olaraq 0,29 və 0,27 kq-dır. 4-cü sinifdə həm Azərbaycan, həm də rus bölməsi üzrə fənlərin sayı 9 və 10, dərslərin sayı isə 8 və 9-dur. Dördüncü sinif Azərbaycan və rus bölməsi üzrə dərsliklərin ümumi çəkisi isə müvafiq olaraq 2,34 kq və 2,45 kq təşkil edir" — Əsədov izah edir.
Ekspert bildirir ki, bu gün ağır olan dərsliklərin çəkisi deyil: "Əslində məktəblinin çantasını ağır edən qida və su qabları, ağır və yüngül panellərdir və bəzəkli məktəb çantalarının özləridir. İlk növbədə onu deyim ki, bəzi valideynlər məktəbə yollanan uşaqları üçün məktəb ləvazimatı alarkən ən çox onların çantasına fikir verirlər. Çünki bəzən şagirdlərin götürdüyü çantaların ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır".
Müsahibimiz qeyd edir ki, məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda, çantanın materialına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyin üzərinə düşür və skaliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır.
"Çantaların ağırlığının başqa bir səbəbi də hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Bilirsiniz ki, şagird hər fənn üzrə özü ilə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa, bir çox şagirdlər özləri ilə yemək və su götürürlər ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır" — K. Əsədov vurğulayır.
Mütəxəssisin fikrincə, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir. Bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə səbəb ola bilər.
"Mən bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbəttə ki, bu, 1-ci sinif şagirdi üçün çoxdur" — o, diqqətə çatdırır.
Ekspert bildirir ki, bu vəziyyətdən çıxış yolu kitabların həcmində ixtisarların edilməsidir: "Çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı, kitabların həcmində ixtisarlar edilməlidir. Bəlkə o zaman uşaqların çanta yükü azalar".
Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, azyaşlı uşaqların sümükləri daha zərif olur və ağır çantalar onların kürəklərini zədələndirə bilər. Belə ki, ağırlığa məruz qalan uşaq kürəyi zamanla əyilə bilər. Belin donqarlaşması ağciyər sıxılmasına da gətirib çıxarır.
"Odur ki, çanta alarkən onun bütün xüsusiyyətlərinə diqqət yetirin. Çantanın çəkisi və forması çox əhəmiyyətlidir. Asqı yerləri sərt, dar olan məktəbli çantası boyun, kürək və bel ərazisində bağ toxumalarına zərər vurur. Buna görə də, uşaqlara çanta alarkən asqıları geniş və möhkəm olmayan çantalara üstünlük verin" — həkim bildirir.
Onun sözlərinə görə, valideynlər məktəbə gedən uşağın çantasının ağırlığını mütləq yoxlamalıdır: "Ağır kürək çantaları onurğada bağların yırtılmasına səbəb olur. Ortaya çıxan fəsadları ancaq uzunmüddətli müalicə ilə aradan qaldırmaq mümkündür. Çantalarda bel kəməri və s. sinə asqısı bağlanmalıdır. Yük bədənə uyğun tutulmalıdır".
"Çanta omba xəttinə qədər enməli, hər iki kürək xəttində olmalıdır. Üst qismi isə boyun qismində olmalıdır. Çanta uşağın boyuna və çəkisinə görə seçilməlidir. 12 yaşına qədər uşaqların bel çantasını ağırlığı 4, daha böyüklər isə 5 kiloqrama yaxın çanta daşıya bilərlər" — M. Abbasova vurğulayır.