BAKI, 14 sentyabr — Sputnik. "Həcc ziyarətinin iştirak əhəmiyyəti mənəvi əhəmiyyətindən çoxdur". Bunu Sputnik Azərbaycan Multimediya Mətbuat Mərkəzində, "2017-ci ildə azərbaycanlı zəvvarlar üçün Həcc ziyarəti necə keçib?" mövzusunda keçirilən tədbirdə, məşhur teoloq hacı Adil Hüseynoğlu deyib.
Onun sözlərinə görə, müsəlmanların və zəvvarların sayının azalması üçün çalışan qüvvələr var: "Myanmada baş verən hadisələr də bunun göstəricisidir. Həcc ziyarəti müsəlmanların bu cür hadisələrə qarşı birləşməsinə səbəb olmalıdır. Lakin nədənsə xristian ölkələri, Rusiya bu hadisəyə müsəlman ölkələrdən daha tez və daha çox diqqət verdi".
"Həcc ziyarəti zamanı qurban kəsib ehtiyacı olanlara paylamaq lazımdır. Ehtiyacı olan təbəqənin dini və milli mənsubiyyətindən asılı olmayaraq, onların qarnını doyurmaq hər bir müsəlmanın borcudur. Lakin həcc zamanı kəsilən qurbanların hara getdiyi məlum deyil, onlar Afrika və digər yerlərdə olan ac insanlara çatmır. Bu səbəbdən də həcc ziyarətinin iştirak əhəmiyyəti mənəvi əhəmiyyətindən çoxdur" — deyə o bildirib.
Həcc ziyarəti hər il Hicri təqvimi ilə dəqiq tarixdə həyata keçirilir. 2017-ci ildə bu tarix avqust ayının sonlarına düşüb. Məlumatlara görə, bu il ötən illərlə müqayisədə zəvvarlar üçün yaxşı şərait yaradılıb, təmiz və rahat çadırlar qurulub. Hər bir çadırın içərisində böyük kondisionerlər quraşdırılıb.