BAKI, 11 sentyabr — Sputnik. Durduğumuz yerdə bu hadisə nəyə lazım idi, yaxud da, ümumiyyətlə lazım idimi? Bizi düşündürən bu "lazım"lar deyil, işin başqa tərəfindəki lazımlı məqamlardır. O məqamlar ki, sadəcə suallar doğurur, şəxsi yanaşma, izahat-filan yox! Bu mənada, sualla başladığımız kimi, suallarla da davam edək:
Şəhər (rayon) icra hakimiyyətlərinin başçılarına bu qədər səlahiyyət vermək nə dərəcədə əşhədü zərurətdən doğur? Məsələn, nə boyda ölkəmiz, neçə yüz milyon əhalimiz var ki, buna nəzarət imkanı risklərlə dolu olsun?
Rayon (şəhər) rəhbərinin qeyri-məhdud səlahiyyəti, digər mərkəzi icra strukturlarının yerli şöbələrinin fəaliyyətini iflic vəziyyətə salmırmı? Məsələn, polis rəisi, prokuror (və s.), niyə öz yuxarı rəhbərliyinə, yoxsa icra başçısına hesabat verməli olduğunu ayırd etmək üçün baş sındırmalıdır? Bu ikili tabeçilik dəfələrlə gizli-aşkar qalmaqallara səbəb olmayıbmı?
Harada yazılıb ki, bir başçı, əlində heç bir məhkəmə hökmü olmadan, başının dəstəsi ilə, sahibkarlıq obyektinin üzərinə yürüşə çıxmalı, onu bağlatdırmalı və əmlakını müsadirə etdirməlidir? Ən xırda şriftlərlə də olsa, hansısa kitabçada buna dair qeyd varmı?
Yaxşı, bağlatdırmaqda qərarlıdırsa, yerli məhkəmədən balaca bir kağız çıxartdırmağa heçmi ehtiyac duymur? Guya, məhkəmə tələbini geri çevirəcəkdi?
Ayrıca, bu icra məmuru, ölkə Prezidentinin, yerli sahibkarlığa dəstək verilməsinə dair yazılı və şifahi göstərişlərinin Azərbaycan dilində verildiyindən xəbərsizdir, yoxsa ana dilimizdən? Əks halda, dövlət başçısının hər fürsətdə qaldırdığı bu məsələni yaddan çıxarmaq aşırı unutqanlıq deyilmi?
Deyək ki, adam ehtiyac bildiyini etdi, bilmədiyini də kənara atdı, bəs, gözündən heç nə yayınmayan (yaxud yayınmamalı olan) hüquq-mühafizə sistemi? Sahibkar özü sussa belə, məsələ ictimailəşər-ictimailəşməz, aidiyyəti qurumlar onun pozulan hüququnun müdafiəsi üzrə hərəkətə keçməli deyil?
Ya da məsələn, işıq pulunu ödəmədiyinə görə "Azərişıq" ASC istənilən dövlət qurumunu məhkəməyə verə bilər, amma İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verə bilməz?
Haydı, buna da kimsə risk etdi və şəhər (rayon) rəhbərini məhkəməyə verdi, hakim hansı dəyərə əsaslanıb qərar çıxaracaq: milli-mənəvi, yoxsa hüquqi? Birinciyə əsaslanacaqsa, məsələ yoxdur, birdən ikinciyə əsaslansa, həmin məhkəmə binasının özünün üzərindən hansısa "qanunsuz" rəqəm(lər) aşkarlanmayacağına inanmaq olarmı? Və ya hakimin öz nəslində bir nəfər belə, qeyri-azərbaycanlının olmaması faktı onun köməyinə çatacaq?
"Dəyər" demişkən, inzibati postun başında duran şəxsin siyasi bəyanat verməyə haqqı çatırmı? Ya da, sırf icraçı olan şəhər (rayon) rəhbəri, özünü "milli-mənəvi dəyər keşikçisi" kimi aparıb, əlindəki şüarla hüquq sisteminin təpəsinə-təpəsinə döyürsə, biz bunları anlamaq üçün məntiq elmini hansı kitabdan oxuyaq?
Və ya, buralarda baş verənləri dərk etmək üçün, ümumiyyətlə oxuyaqmı?…