BAKI, 8 sentyabr — Sputnik. Bakının Səbail rayonu ərazisində, "Sahil bağı" (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26" — "Twenty six" adlı kafe bağlanıb.
APA-nın xəbərinə görə, əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da gəlib.
H. Abutalıbov deyib ki, Bakının mərkəzində "26" adlı kafenin açılması yolverilməzdir: "Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerdə "26" sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə Azərbaycanda yer yoxdur".
H. Abutalıbov obyektin tamam bağlanacağını, əmlakının isə müsadirə olunacağını deyib: "Obyektin icarədarları və havadarları da qanuna müvafiq olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar".
H. Abutalıbov sosial şəbəkələrdə Bakının Sabunçu rayonu ərazisində "26 Bakı komissarı" adlı küçənin olması haqda yayılan məlumatlara da münasibət bildirərək deyib ki, artıq həmin küçənin adı da dəyişdirilib.
Qeyd edək ki, H. Abutalıbovun açıqlamasının ardınca kafe bağlanıb, kafenin adını bildirən "26" — "Twenty six" lövhəsi sökülüb, ora aid olan əmlak isə maşınlara yığılaraq aparılıb. Kafenin icarədarı Ramin Məmmədov polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.
Xatırladaq ki, əvvəllər Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş 26 Bakı komissarlarının adını daşımış bağın yaxınlığında "26" adlı kafenin fəaliyyət göstərməsi ictimaiyyət və bəzi tarixçilər tərəfindən narazılıqla qarşılanmış, etirazlara səbəb olmuşdu.