NTV və Sputnik-in birgə layihəsi olan "Tı super! Tansı"nın iştirakçısı, internat məktəbinin yetirməsi Abbasqulu Səfərov birinci turdakı uğurlu çıxışdan sonra təəssüratlarını bölüşüb.
"Mən uğur qazanacağıma inanırdım, arzum həyata keçdi. Məni layihənin ikinci mərhələsi gözləyir. Buna görə mənə çox şey öyrətmiş xoreoqrafım Zeynal müəllimə, məndən ötrü çoxlu əmək sərf etmiş direktorum Gülnarə xanıma təşəkkür edirəm" — Səfərov bildirib.
Müsabiqədə 142 yeniyetmə rəqqas iştirak edir. Onlar böyük bir auditoriya qarşısında öz xoreoqrafik bacarıqlarını nümayiş etdirərək populyarlıq qazanmaq şansını əldə ediblər.
Azərbaycanı bu genişmiqyaslı layihədə həmçinin Sevda Fətullayeva və İlkin Hüseynov-Sevinc Behbudova rəqs cütlüyü təmsil edir.