BAKI, 8 sentyabr — Sputnik. "İnsanların intiharlarının qarşısının alınması üçün bütün sahələr üzrə tədbirlər hazırlanmalıdır. Burada bütün nazirliklərin üzərinə məsuliyyət düşür".
Bu gün Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə, psixoloq Azad İsazadə belə açıqlama verib. Onun sözlərinə görə, 1960-cı illərdə qadınlar esensiya içməklə özlərini öldürürdülər: "O vaxtlar bu maddə sərt hazırlanırdı. 55 faizli olduğu üçün, mədəni daha yandırırdı. Amma sonradan təkliflər əsasında onun tərkibi azaldıldı".
"İntiharlar bölgələrdə də, şəhərdə də baş verir. Son aylarda, demək olar ki, bütün rayonlarda intiharlar baş verir. Rayonlarda özünü asma, şəhərdə isə daha çox hündür yerlərdən özünü atma ilə bağlı intihar halları üstünlük təşkil edir" — psixoloq bildirib.
"Hələlik bizdə ailə institutu işləyir. Bizdə hansısa problem olanda bütün qohum-əqrəba tökülür, yardım edir. Amma digər ölkələrdə belə olmur. Buna görə də bəzi ölkələrdə psixoloqlara, psixiatorlara çox müraciət edirlər" — İsazadə əlavə edib.