BAKI, 8 sentyabr — Sputnik. "İştahsızlıq, tənhalıq, qapalılıq, qəmli musiqilərə qulaq asmaq yeniyetmələrdə intiharın əlamətləri ola bilər. Buna görə də hər zaman çalışmaq lazımdır ki, yeniyetmələr nəzarətsiz buraxılmasın".
Bu gün Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə, psixoloq Azad İsazadə belə açıqlama verib. Onun sözlərinə görə, intihara hazırlaşan yeniyetmə əvvəlcə qollarını kəsməklə başlayır ki, görsün ağrı varmı. Buna görə də valideynlər daha diqqətli olmalıdırlar".
Tədbirdə çıxış edən, kriminal xəbərlər üzrə ixisaslaşmış jurnalist Ramella İbrahimxəlilovanın sözlərinə görə isə intihar cəhdləri çox zaman rəsmi statistikaya düşmür: "Reallaşmamış intiharlar çox zaman qohum-əqrəba tərəfindən gizlədilir".
"İntiharların sayının az olmasında dini faktorlar da böyük rol oynayır. Din faktoru olmasaydı, daha çox intihar olardı. Ayrıca, çox zaman din xadimləri intihar etmiş şəxsləri dəfn etməkdən imtina edirlər. Buna görə də çox zaman intiharlar başqa adla təqdim edilir" — jurnalist vurğulayıb.