BAKI, 4 sentyabr — Sputnik. Azərbaycan milli komandası futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında San Marino yığması ilə qarşılaşmada 5:1 hesablı qələbə qazanıb.
Sputnik Azərbaycan xəbər verir ki, Əfran İsmayılov görüşün 57-ci dəqiqəsində özünün sayca 2-ci, komandasının isə 3-cü qolunu vurub.
Oyunda hesabı ilk olaraq Azərbaycan millisi açıb. Görüşün 20-ci dəqiqəsində Əfran İsmayılov ilk qolu vurub.
Bu qarşılaşmada ikinci qolun müəllifi Araz Abdullayev olub.
Oyunun 71-ci dəqiqəsində San-Marino yığmasının oyunçusu Mikele Çevoli avtoqola imza atıb. Topu öz qapısına vuran futbolçu Azərbaycan yığmasına 4-cü qolu qazandırıb.
74-cü dəqiqədə San-Marino oyunçusu Mirko Palazzi fərqlənərək Azərbaycan yığmasının qapısına 1 qol vura bilib.
81-ci dəqiqədə millimizin oyunçusu Rəşad Sadıqov 5-ci qolumuzu vurub.
San-Marino ilə oyun Azərbaycan millisində debütlə əlamətdar olub. Start heyətində yer alan Təmkin Xəlilzadə ilk dəfə milli forma geyinib. "Zirə"nin gənc futbolçusu yığmamızın tarixinə 222-ci futbolçu kimi düşüb. Belə ki, bunadək 231 rəsmi matç keçirən millimizin oyunlarında 221 futbolçumuz meydana çıxmışdı.
Bu gün 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan-San-Marino oyunu keçirilib.
"Bakcell Arena"da keçirilən oyunu monteneqrolu hakimlər briqadası idarə edib. Matçın baş hakimi Nikola Dabanovic olub. Ona həmyerliləri Milutin Djukic və Jovica Tatar kömək ediblər. Dördüncü hakim funksiyasını isə Pavle Radovanovic yerinə yetirib.
Qarşılaşmanın hakim-inspektoru danimarkalı Kaj Ostergaard, komissar isə qazaxıstanlı Oljas Abrayev olub.
Qeyd edək ki, millimizin yer aldığı "C" qrupunda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Azərbaycan 10 xalla üçüncü, Çexiya 9 xalla dördüncü, Norveç 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.