BAKI, 2 sentyabr — Sputnik. Almaniya Xarici İşlər Nazirliyi, bu ölkənin Türkiyədə həbs edilən vətəndaşları barədə növbəti məlumat yayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazirlik, Türkiyədə 12 nəfəri siyasi səbəblə olmaqla, 50 nəfər Almaniya vətəndaşının həbs edildiyini iddia edib.
XİN-in sözçüsü Mariya Adebahr bildirib ki, son iki nəfərin həbs edilməsi ilə bağlı məlumatlar qeyri-rəsmi mənbələrdən əldə edilib: "Həbslərin səbəbi siyasidir. Hazırda Türkiyədə 50 Almaniya vətəndaşı həbsxanadadır. Onlardan 4-nün ikili vətəndaşlığı var. Həbs edilənlərdən 12 nəfəri siyasi amilərlə bağlı həbs edilib".
M. Adebahr əlavə edib ki, Almaniya vətəndaşları Antalya hava limanında həbs edilib və bu barədə rəsmi olmayan qaynaqlardan İzmirdəki Almaniya Baş konsulluğuna məlumat verilib: "Almaniya Baş konsulluğundan Antalya hava limanına zəng edilərək, məsələ dəqiqləşdirilib".
Qeyd edək ki, həbslərə reaksiya olaraq, Almaniya Sosial Demokrat Partiyasının lideri Martin Şultz Türkiyəyə yardımların dayandırılmasını tələb edib.