BAKI, 15 dek — Sputnik. "İndiyədək Azərbaycanda uşaq hüquqları ilə bağlı 35 ayrıca qanun hazırlanıb, 100-dən çox qanuna əlavə və dəyişikliklər edilib. Bütün dövrlərdə bilavasitə UNİCEF ilə əməkdaşlıq etmişik".
Sputnik xəbər verir ki, bunu parlamentdə, "Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis — UNİCEF əməkdaşlığı" mövzusunda keçirilən tədbirdə əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Millət vəkili bildirib ki, dövlət başçısı sosial müdafiə sistemində uşaq siyasətini həmişə öndə görür və bununla bağlı ardıcıl işlər aparılıb.
"Buna misal olaraq, ölkəmizdə məktəblərin tikintisi, idman qurğularının yaradılması və digər addımların atılmasını göstərmək olar", — deputat bildirib.
O, qeyd edib ki, UNİCEF ilə əməkdaşlıq davam edir: "Bu gün layihələrimiz çoxdur. Uşaqların istirahəti ilə bağlı qanun layihəsi bizim şöbədə var və üzərində iş gedir. Məktəb turizmi var və ən vacib məsələlərdən biridir. Azərbaycanda dəmir çatışmazlığı ilə bağlı məsələ gündəmdədir. Həssas qruplar ilə bağlı yenə də qanunlarımızda görüləsi işlərimiz çoxdur".