BAKI, 26 avqust — Sputnik. Böyük Britaniya hökuməti yollarda qismən sürücüsüz idarə edilən yük maşını karvanını sınaqdan keçirəcəyini açıqlayıb. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, sınaq zamanı 3 yük maşınından ibarət olan karvandan istifadə ediləcək. Qabaqda gedən yük maşınında sürücü oturacaq. Arxadan gələn yük maşınlarının pedalları onun nə edəcəyini təqlid edəcək. Digər yük maşınında oturan sürücülər isə yalnız sükanı idarə edəcəklər.
Bunlar ilk olaraq test yollarında yoxlanacaq, 2018-ci ilin sonundan etibarən isə əsas yollarda sınaqdan keçiriləcək. Britaniya hökuməti 2014-cü ildən etibarən sürücüsüz yük maşını testlərinin başlamasına söz vermişdi. Hökumət ötən il buna bənzər bir açıqlama vermiş, lakin heç bir şirkət testlərdə iştirak etmək istəmədiyi üçün layihəni ləğv etmək məcburiyyətində qalmışdı.
Bu il isə yük maşını istehsal edən "DAF"ın, texnologiya şirkəti olan "Ricardo"nun və Almaniyanın "DHL" lojistik şirkətinin layihədə iştirak edəcəyi açıqlanıb. Əvvəllər qismən sürücüsüz konvoylar ABŞ, Almaniya və Yaponiya kimi ölkələrdə sınaqdan keçirilib.
Amma ekspertlər bu üsulun ABŞ yollarında işə yarayacağını desə də, Böyük Britaniyanın sıx yollarında sürücülərin işarələri görməsinə maneə törədəcəyini bildiriblər. Nəqliyyat naziri Paul Maynard deyib ki, ilk öncə bu texnologiyanın yollarda işləyib-işləməyəcəyini anlamaq istəyirlər: “Ona görə də bu təcrübələrə sərmayə qoyuruq”.