BAKI, 25 avqust — Sputnik. Ermənistan prezidenti Serj Sarkisyanın Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşü siyasi araşdırmaçıların diqqətindədir. Görüş barədə ətraflı məlumat verilmir. Lakin Ermənistan mətbuatı prezidentlərin görüşündə Qarabağ məsələsinin tənzimlənməsi yollarının da müzakirə olunduğunu iddia edir.
Son zamanlar S. Sarkisyan İrəvanın Avropa Birliyinə inteqrasiyası istiqamətində addımlar atır. Bir forpost üçün bu, heç də məqbul variant deyil. Əslində, Putinin Sarkisyanla görüşməsində qeyri-adi heç nə yoxdur. Rusiya ilə Ermənistan strateji müttəfiqdir, üstəlik İrəvan Moskvanın satellitidir.
Bəzi məlumatlara görə, Rusiya yeni vasitəçilik missiyası ilə çıxış edir və ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdlərində bulunur. Araşdırmaçılar hesab edirlər ki, məhz bunun sayəsində regionda irimiqyaslı müharibə alovlanmır. Kreml Ermənistan prezidenti Serj Sarkisyan ilə Azərbaycan prezidenti İlham Əliyev arasında görüşə nail olmaq istəyir.
Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sonuncu dəfə 2016-cı ilin iyun ayında Sankt-Peterburqda olmuşdu. Həmin görüşdə Putinin tərəflərə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun azad edilməsini və bunun əvəzində kommunikasiyaların açılmasını da nəzərdə tutan plan təklif etdiyi haqda məlumatlar yayılmışdı.
Rusiya bölgədə əsas oyunçu olduğunu nümayiş etdirir. Bölgənin digər mühüm oyunçusu Türkiyə özü problemlərlə üzləşib. Ərdoğan ABŞ və İsrailin addımlarının qarşısını ala bilmir. Məcburdur, ona qarşı güc mərkəzi kimi meydana çıxmaq istəyən tərəflərlə ortaq fəaliyyət nöqtələri tapsın ki, bununla da özü üçün böyük təhlükəni ortadan qaldıra bilsin. ABŞ, Avropa Birliyi öz müttəfiqləri olan Türkiyəni arxadan vurublar və PKK, PYD kimi terror qruplarına hər cür dəstək verirlər ki, Ankara da bunu həzm edə bilmir.
Rusiya Çin, İran və Türkiyə ilə birlikdə ABŞ-ı Qafqazdan da uzaqlaşdırmaq istəyir. Beləliklə də bölgədəki münaqişələr iki dövlətin — Rusiya ilə Türkiyənin arasında müzakirə predmetinə çevrilir və Minsk Qrupu əhəmiyyətini itirir.
ABŞ-ın bölgədə zəifləməsi heç şübhəsiz demokratik proseslərin də zəifləməsinə gətirib çıxaracaq, artıq bu, "ərəb baharı"nın iflası ilə aydın görünür. Yeni dünya düzəni bərqərar olmadığına görə, bəzi güclər hakim olmağa, çoxları isə statuslarını və varlıqlarını qorumağa çalışmaqdadır. Əlbəttə, bunlar yeni güc mərkəzi olmaq istəyənləri həvəsləndirə və təklükəli adımlar atmağa təhrik edə, nəticədə hər kəsin hər kəslə savaşdığı bir dönəm başlaya bilər.
Bu arada, Ermənistan daxilində gərginlik davam edir. Sarkisyanın son Soçi səfəri də vəziyyətə aydınlıq gətirmədi, erməni ictimaiyyətini sakitləşdirmədi. Rusiya prezidenti Vladimir Putin Sarkisyana siyasi dəstəyini ifadə eləsə də, Qarabağ məsələsində analoji dəstəyi dilə gətirmədi.
Bəzi məlumatlara görə, Rusiya Qarabağa dair "Putin planı"na əsasən, bir neçə rayonun boşaldılması üçün İrəvana təzyiq etmək istəyir. Məhz, bu iddialar fonunda İrəvanda Sarkisyan əleyhinə etirazlar başlayır. Sarkisyan da Qarabağ məsələsində heç vaxt "birtərəfli güzəştlərə" getməyəcəyini bəyan eləməklə radikal kəsimi sakitləşdirməyə çalışır.
"Birtərəfli güzəştlər" altında isə, rəsmi İrəvan ərazilər qarşılığında Dağlıq Qarabağın qeyri-müəyyən statusunu nəzərdə tutur. Yəni həmişəki kimi, mesaj verilir ki, rayonlar yalnız Dağlıq Qarabağın "müstəqilliyinə" zəmanət veriləcəyi halda qaytarıla bilər.
Bu gün bölgədə yeni savaş olmasında Rusiya maraqlı deyil. Müharibə iqtisadi resursların xərclənməsi zərurəti deməkdir və Kremli bölgədə İrəvan, Bakı və Ankara arasında ciddi seçim qarşısında qala bilər. Bu səbəbdən də Kremlin öz forpostuna təzyiqlər məsələsinin gündəmdən çıxmadığını söyləmək mümkündür…