BAKI, 25 avqust — Sputnik. Bu həftə, Gürcüstanın şərqindəki Qaracarlı kəndində insanı dəhşətə gətirən hadisə baş verib. Sputnik Gürcüstan xəbər verir ki, kənd sakinlərindən biri, onun həyat yoldaşı ilə mesajlaşan həmkəndlisini qəddar şəkildə cəzalandırıb.
Ərin başçılıq etdiyi 7 nəfərlik qrup, qadınla mesajlaşan kişidən qisas almaq qərarına gəlib. Kişi, qisas günü Rustavi şəhəri yaxınlığında yerləşən barlardan birində olub. Onu bardan çıxarıblar, başından butulka ilə vurandan sonra Qaracarlı kəndi yaxınlığındakı çöllüyə aparıblar.
Burada qisasçılara daha bir neçə nəfər qoşulub və kişini nümayişkəranə şəkildə möhkəm döyüblər. Ardınca isə artıq huşunu itirməkdə olan şəxsi butılka ilə zorlayıblar. Kəndin onlarla sakini, o cümlədən həddi-buluğa çatmayanlar baş verənləri izləyirmişlər. Gürcüstan telekanalları xəbər verir ki, qisasçılar bütün baş verənləri videoya çəkərək, internetə yükləyiblər.
Koma vəziyyətində olan zərərçəkən, ciddi zədələrlə xəstəxanaya çatdırılıb. Daxili İşlər Nazirliyindən Sputnik Gürcüstan-a bildiriblər ki, faktla bağlı 4 nəfər, o cümlədən qadının həyat yoldaşı və qardaşı saxlanılıb. Cinayət işi "işgəncə" maddəsi ilə başlanılıb. Bu maddəyə görə, cinayətkar 12 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasına məhkum edilir.
Əhalinin son siyahıyaalınmasına görə, Qaracarlı kəndi, əsasən azərbaycanlılardan ibarətdir. Bu kənddə 4 minə yaxın adam yaşayır.
Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze Sputnik Gürcüstan-a müsahibəsində qeyd edib ki, belə barbar faktlar ölkədə çox nadir hallarda olur: "Milliyyətindən asılı olmayaraq müxtəlif illərdə müxtəlif insanlar özləri mühakimə etməyə və ya "Linç məhkəməsinə" cəhd ediblər".
"Ailə üzvləri deyirlər ki, sonda qurbana çevrilən həmin şəxs, qadını onun həyat yoldaşı və qohumlarını öldürməklə hədələyirmiş. Amma əlbəttə ki, hadisənin yekunu tam vəhşilikdir. Bu, linç etmək adlanır" – deyə Mamuka Areşidze bildirib.