BAKI, 27 sen — Sputnik. Keçmiş polis məmuru Gəncədə qəsdən adam öldürmənin qurbanı olub. Bu barədə Sputnik-ə şəhərin Baş Polis İdarəsindən (BPİ) məlumat veriblər.
Qətl hadisəsi sentyabrın 24-dən 25-nə keçən gecə baş verib. 1966-cı il təvəllüdlü Quliyev Əbülfət Binnət oğlu qarın nayihəsindən aldığı iki bıçaq yarası nəticəsində dünyasını dəyişib. Faktla bağlı Quliyevin qonşusu — 1996-cı il təvəllüdlü Hüseynov Səmral Vüsal oğlu saxlanılıb.
Cavan oğlan sözügedən cinayəti boynuna alıb və qətli qısqanclıq zəminində törətdiyini bildirib. O, qeyd edib ki, bu cinayəti namus üstündə və ailəsinin şərəfini qorumaq məqsədilə törədib.
Onun sözlərinə görə, anasının mobil telefonunda polisdəki xidmətini başa vurandan sonra rəngsazlıqla məşğul olan qonşuları Ə. Quliyevin nömrəsini görür. Səmral Hüseynov Quliyevin onun anası ilə nə əlaqəsi olduğunu aydınlaşdırmaq qərarına gəlir və qonşuya zəng edərək onunla evinin qabağında görüş təyin edir.
Quliyev görüş yerinə silahsız gəlir, Hüseynov isə evdən bıçaq götürərək. Kişilər arasında baş verən söhbət zamanı münaqişə yaranır və o, qanla bitir.
Gəncə şəhər BPİ-dən bildiriblər ki, Səmral Hüseynovun anası ərdə olmayıb, Əbülfət Quliyevin isə ailəsi olub. Hüseynovun özü isə bu yaxınlarda ailə qurub. Fakt üzrə şəhər prokurorluğunda araşdırma aparılır.