BAKI, 24 avqust — Sputnik. Venesuela prezidenti Nikolas Maduro, tele-konfrans vasitəsilə xarici media təmsilçilərinin suallarını cavablandırıb. Sputnik Türkiyə xəbər verir ki, ölkəsində baş verən hadisələrlə bağlı həqiqətləri şəxsən çatdırmaq istədiyini deyən Maduro, ABŞ-ın ünvanına sərt ifadələr işlədib.
Vaşinqtonu imperializmdə günahlandıran sosialist lider, Kolumbiyanı da Amerikanın köləsi adlandırıb: "İmperialistlər və onların yerlərdəki kuklaları Venesuelanı diz çökdürmək istəyirlər. Ancaq bacara bilməyəcəklər. Qələbə bizim olacaq".
Türkiyəli jurnalistin "Sizin kimi türklər də ABŞ imperializminə qarşı mübarizə aparırlar. Türk xalqına mesajınız nədir" sualına Maduro, "Mədəniyyətin beşiyi Türkiyəyə, Mustafa Kamal Atatürkün Respublikasına salam olsun" deyə cavab verib.
Sosialist lider, Türkiyə ilə iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətləri daha da inkişaf etdirmək istədiklərini söyləyib. Maduro həmçinin, Rusiya prezidenti Vladimir Putini də tərifləyib. O, Putini dünyada sülh istəyən lider kimi təqdim edib.