BAKI, 24 avqust — Sputnik. "Dövlət İmtahan Mərkəzi bu ilin sentyabr ayında ictimaiyyətə kurikulum sistemi üzrə təhsil alan məktəblilər üçün buraxılış imtahanının yeni modelini təqdim etməlidir". Bunu Sputnik Azərbaycan-a DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.
Xatırladaq ki, avqustun 23-də DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN Radio"ya müsahibəsində 2019-cu ildə buraxılış və ali məktəblərə qəbul imtahanlarının formasının dəyişəcəyini bildirib. Bu, ilk dəfə kurikulum sistemi ilə təhsil alan şagirdlərə şamil ediləcək. Onlar 2 ildən sonra orta məktəbləri bitirəcəklər. Abbaszadə izah edib ki, son illər orta məktəb məzunları ali məktəblərə qəbul zamanı demək olar ki, eyni nəticələr göstərirlər.
Xanlarzadənin sözlərinı görə, DİM ümumtəhsil pilləsində təhsil alanların yekun qiymətləndirməsini, attestasiyasını həyata keçirən, ali və orta ixtisas məktəblərinə abituriyent qəbul etmək hüququ olan publik hüquqi şəxsdir. Mətbuat xidmətinin rəhbəri, gələcəkdə imtahanların necə keçiriləcəyinin tezliklə məlum olacağını vurğulayıb. Xanlarzadənin sözlərinə görə, Təhsil Nazirliyinin və DİM-in mütəxəssisləri bununla bağlı aktiv müzakirələr aparırlar. Bununla yanaşı, Xanlarzadə test üsulunun tamamilə ləğv olunacağı ilə bağlı insanlar arasında yayılan şayiələri şərh etməyib.
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən təhsil eksperti Kamran Əsədov Azərbaycanda 1992-ci ildən indiyədək ali məktəblərə qəbul imtahanlarının eyni formatda həyata keçirildiyini deyib: "Artıq 26 ildir, eyni formatda həyata keçirilən qəbul imtahanları nəticəsində ali məktəblərə qəbul olunmuş kadrlar əmək bazarının tələblərini ödəmir. Çünki bu gün ali məktəblərdə adicə bir yoxlama aparanda görürük ki, dərsin gedişində yüksək balla qəbul olunmuş şəxslərin nitq qabiliyyəti olduqca aşağı səviyyədədir. Bu, ona görədir ki, onlar testdən əzbərçilik üsulundan istifadə edirlər, geniş məlumata malik deyillər. Sadəcə faktları əzbərləməklə buna nail olurlar. Ona görə də, artıq qəbul imtahanlarının formatının dəyişdirilməsinə ehtiyac var".
Ekspert hesab edir ki, ilk növbədə məzmun və forma fərqlənməlidir: "Ona görə ki, 2008-2009-cu il tədris ilindən etibarən orta ümumtəhsil məktəbləri artıq yeni təlim üsuluna, yəni, kurikulum standartlarına keçib. Yəni, Azərbaycanda ənənəvi yox, artıq bilik, şəxsiyyət yönümlü və digər istiqamətlərə yönəlmiş təlim üsullarından istifadə olunmağa başlayıb. Onların dərslikləri, tədris üsulları, vasitələri tamamilə fərqlidir. Yəni, bizim gördüyümüz ənənəvi formatda deyil. Kurikulum standartları ilə təhsil alan şəxslər artıq bu il 10-cu sinfə keçirlər. 2017-ci ildə məhz 2 il sonra qəbul imtahanlarında iştirak edəcək şəxslər üçün, yəni, indiki 9-cu siniflər üçün buraxılış imtahanları keçirilib. Buraxılış imtahanlarının nəticələri göstərib ki, 2 fəndən – Azərbaycan dili və Riyaziyyatdan imtahan verənlərin 60 faizi müsbət qiymət ala bilməyib. Bu, onu göstərir ki, 2 il ərzində bunlarda hansısa inqilabi bir dəyişikliyin həyata keçirilməsi mümkün deyil".
Onun sözlərinə görə, ləğv olunacaq test deyil, testin formatıdır: "İndiyədək öyrəşdiyimiz, 26 ildir Azərbaycanda tətbiq olunan test, qapalı test tapşırıqları formatıdır. Yəni, cavab variantları iştirakçıların qarşısında olur və onlar hətta 100 faiz cavabı bilməsələr belə, tanış gələn variantı seçməklə test tapşırığına düzgün cavab verə bilərlər. Lakin yeni formatda daha çox test cavablarının variantı olmayan, imtahan iştirakçılarında məntiqi təfəkkürü, müqayisəni və digər bacarıqları yoxlayan test tapşırıqları olacaq. İki il sonra yenə də testdən istifadə olunacaq. Amma vərdiş etdiyimiz test tapşırıqları deyil, insanlarda digər bacarıq və vərdişləri yoxlayan testlər olacaq. Məsələn, esse yazılması. Çünki artıq danılmazdır ki, Azərbaycanda test imtahanlarının formatı əmək bazarında tələb olunan müasir, uğurlu məzmun və digər meyarları qarşılamaq qabiliyyətinə malik deyil".
Ekspertin fikrincə, test üsulu bilik ölçmə vasitəsi deyil. Test sadəcə seçim üsuludur: "Kiminsə burada ən yüksək bal toplaması onun maksimum biliklərə malik olması anlamına gəlməməlidir. Biz onun digər bacarıqlara malik olub-olmadığını yoxlamalıyıq. Hesab edirəm ki, ABŞ və Avropada istifadə olunmuş modellər də tətbiq oluna bilər. Yəni, kimsə hansısa ixtisasa qəbul olduqdan sonra orada təhsil almaq istədiyini isbat etməlidir. Yəni, sən burada niyə təhsil almaq istəyirsən, gələcəkdə hansı planların var? və s. bu tipli üsul və vasitələrdən istifadə olunmaqla yeniliklər tətbiq oluna bilər".
"Təhsil təcrübə laboratoriyası deyil. ABŞ və Avropa 50 ildir eyni formatdan istifadə edərək ali məktəblərə qəbul aparır. Amma biz demək olar ki, hər il bu sahədə dəyişiklik edirik. Fənlərin sayını artırırıq, azaldırıq və s. Format olaraq ümumi strategiya müəyyən olunmalıdır ki, son 50 ildə qəbul bu qaydada olacaq" – deyə o bildirib.