İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 23 avqust — Sputnik. Son vaxtlar ilanların kütləvi şəkildə evlərə sığınması, hücum etməsi hallarının sayı artıb. Belə hadisələrdən biri də İmişli rayonunun Qaragüvəndikli kəndində baş verib. İlanlar kənd sakini Xanış Babayevə məxsus fərdi yaşayış evinə hücum edib. Evdə vəziyyət daha təhlükəli hal alıb.
Müxtəlif yerlərdən evə girən ilanlar hər kəsi qorxuya salıb. Xüsusilə də uşaqlar qoxudan evdə yata bilmirlər. Belə bir vəziyyətin olduğunu təsdiqləyən kənd icra və bələdiyyə nümayəndələri, evdə bir neçə dəfə dərmanlama işləri həyata keçirildiyini bildiriblər.
Oxşar hadisə Astarada da baş verib. Məlumata görə, Astaranın Şiyəkəran kəndində Ərəstun Baloğlan oğlu İmanova məxsus yaşayış evi son günlər ilanların hücumuna məruz qalıb. Ev sakinləri dəfələrlə ilanları öldürsələr də, onların ardı-arasının kəsilmədiyini deyirlər. Evdə ikisi azyaşlı olmaqla, altı nəfər yaşayır.
Bildirilir ki, əvvəllər ilanlar kənddə yaşayış olmayan bir evdə yuva salıb. Ehtimal olunur ki, ilanlar həmin evdən qonşu evə keçib.
Xatırladaq ki, bu il aprel ayından bu günə qədər 51 ilan sancma faktı qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib: "Bununla yanaşı, 11 əqrəb və 4 qaraqurd, hörümçək sancması ilə şöbəyə müraciət edilib. İlin əvvəlindən bu günə qədər heç bir ölüm hadisəsi baş verməyib. İlan zəhərinə qarşı lazımi qədər zərdab var. Belə hesab edirəm ki, sentyabr ayında da müraciətlər olacaq".
Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hərarətin 16 C-dən yuxarı qalxması ilə ilanlar da oyanır: "Yəni, artıq may ayından ilanlar aktivləşməyə başlayır. İlanlar qışda torpağın müxtəlif dərinliklərində, süxurlarda, qaya künclərində, ağıla gələn və gəlməyən, soyuq havanın çatmadığı, qarın-yağışın tutmadığı, temperaturun 5-10 dərəcə olduğu yerlərdə qışlayır".
Müsahibimiz əlavə edib ki, yay vaxtı torpağın səthi daha çox qızdığından, ilanlar gündüz az görünür: "İlanlar soyuqqanlı heyvan olduqları üçün qaynar torpağın üstünə çıxıb bədənlərini yandırmazlar. Yay vaxtlarında ilanlar əsasən gecələr və səhər 11-ə qədər görünür".
İsgəndərovun sözlərinə görə, Azərbaycanda yayılan ilan növlərinin hamısı zəhərli deyil: "Azərbaycanda 26 növ ilan var və onlardan 6-sı zəhərlidir. İlanlarda özünümüdafiə instinkti var. Yəni ilanlar ancaq təhlükə hiss etdikləri zaman sancır". Elə ilanlar var ki, onu əlinə götürsən belə, sancmır".
"Azərbaycanda zəhərli ilanlardan ən çox yayilanı Livan gürzəsidir. Bu ilan daha çox Samur-Dəvəçi, Şirvan düzənliklərində, Abşeron yarımadasında, Kür-Araz ovalığında müşahidə edilir. Livan gürzəsi torpaq rəngində, başı yastı, üçbucaq şəkilli, nazik və qısa boyunlu, yoğun gövdəlidir. Üstündə şahmat formalı, tünd boz və ya açıq rəngli xalları var" — mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, zəhərli ilanların sancmasının 95 faiz Livan gürzəsinin payına düşür: "Digər zəhərli ilan olan qalxansifət ilan isə yalnız cənub bölgəsində – Lənkəran, Masallı, Yardımlı, Lerikdə görünür".
İsgəndərov onu da diqqətə çatdırıb ki, ilanlar hücum etmir, yalnız bədənləri açılacaq qədər düşmənə tərəf tullanır və sancmağa çalışaraq özünü müdafiə edir: "İlanlar heç vaxt insana hücum etmir və onun arxasınca düşmür. Ona görə də, ilanla rastlaşanda insan sakitcə durmalı, ilanın qaçıb gizlənməsinə imkan verməlidir".
"İlanlar qıvrılmış bədənlərinin açılacağı qədər məsafəyə tullanır və ya sıçrayırlar. Bu səbəbdən də, ilanlara, xüsusilə də zəhərli ilanlara 1,5 metr məsafədən artıq yaxınlaşmaq təhlükəlidir. İlanlar təsadüfən ona çox yaxınlaşdıqda, ayaq altında qaldıqda, əllə toxunduqda özünü müdafiə etmək məqsədilə sancır" — fəlsəfə doktoru bildirib.
T. İsgəndərov qeyd edib ki, ilandan qorunmaq üçün yaşayış yeri səliqəli olmalıdır: "Ərazi təmiz olmalıdır ki, orada siçan-siçovul, müxtəlif gəmiricilər olmasın. Ətrafda ilanları gizlənə biləcəyi kol-kos, daş-kəsək qalağı olmasa, həmin əraziyə ilan gəlməz. İlandan qorunmaq istəyirsinizsə, ilanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün şərait yaratmamalısınız. Əgər yaşadığınız ərazidə ilanların məskən salması üçün şərait varsa, ora kəskin iyli maye, yuyucu vasitə, kükürd, kerosin, mazut, kül töksəniz, yaxud da yarpız, sarımsaq kimi bitkiləri qoysanız, ilanlar sizin yaşadığınız ərazidən uzaq olar".