BAKI, 18 avqust — Sputnik. İspaniyanın Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər.
Sputnik Azərbaycan-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Yaralananlar arasında polis əməkdaşının olduğu bildirilir.
Məlumata görə, polisin operativ müdaxiləsi nəticəsində 4 terrorçu məhv edilib, daha biri yaralanıb.
Öldürülən terrorçuların üzərindən kamikadzelərin istifadə etdiyi “şəhid kəmər”ləri (kəmərə bərkidilmiş partlayıcı qurğu) aşkarlanıb. Onlar Barselonada ötən axşam törədilən terror aktını təkrarlamaq niyyətində olublar.
İspaniyanın Alkanar şəhərində sutka ərzində iki partlayış baş verib, ölən və yaralananlar var.
Birinci partlayış narkotik vasitələrinin istehsalı laboratoriyasında baş verib. Nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb.
İkinci partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Onların arasında polis əməkdaşlarının olduğu bildirilir. Bir nəfərin vəziyyəti kritikdir. Təfərrüatlar açıqlanmır.
Kataloniya polisinin rəisi Xosep Luis Trapero Alkanardakı partlayışların Barselonadakı partlayışlarla əlaqəli olduğunu istisna etməyib.
Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 100 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb, daha biri isə atışma zamanı məhv edilib.
Barselonada törədilən terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Bu barədə Reuters məlumat yayıb.