İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 17 avqust — Sputnik. Samux Rayon Alabaşlı kənd sakini Tahir Abdullayev Sputnik Azərbaycan-a müraciət edərək yaşadığı anlaşmazlığı işıqlandırmağımızı xahiş edib.
T. Abdullayevin bildirdiyinə görə, oğlu Ozal Abdullayev mart ayında Daxili Qoşunlarda hərbi xidmətini başa vurub, geri qayıdıb: "Bir müddət işsiz qaldıqdan sonra oğlum Daxili Qoşunlarda xidmət etmək üçün müraciət etdi. Biz müdafiə nazirinin müavini Kərim Vəliyevin qəbulunda olduq. Cənab Vəliyev bizə bildirdi ki, Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovla əlaqə saxlayacaq. Sonra biz cənab Şahin Məmmədovun qəbuluna getdik. Orada bizə bildirdilər ki, general məsələdən xəbərdardır, oğlunuz sənədlərini düzəldib, müraciət etsin. Oğlum sənədlərini düzəldib təqdim etdi. Bizə bildirdilər ki, qəbul ediləcək".
Bir müddət sonra Abdullayevlər ailəsinə tərcümeyi-halın səmimi yazılmaması və Tahir Abdullayevin 1952-ci ildə məhkumluq həyatı yaşaması səbəbilə Ozal Abdullayevin xidmətə qəbul edilməsinin mümkün olmadığı barədə məktub gəlir.
T. Abdullayev redaksiyamıza müraciətində bildirir ki, o 1952-ci ildə məhkumluq həyatı yaşamayıb. Həmin illərdə Abdullayev Gəncə şəhər 15 saylı peşə məktəbində təhsil alıb: "Düzdür, mənim məhkumluq həyatım olub. Mən 1960-cı ildə Goranboy rayonunda erməni öldürmüşəm. Cəzamı da vaxtından əvvəl çəkib gəlmişəm. 1952-ci ildə isə peşə məktəbində təhsil alıb, Şimit adına zavodda təcrübədə olmuşam. Oğluma isə bildiriblər ki, guya mən 1952-ci ildə zorlama maddəsilə (149) məhkum olmuşam. Bu həm mənə böhtan atılması deməkdir, həm də oğlumun bəhanə ilə işə qəbul edilməməsi. Halbuki, elə bir hadisə baş verməyib…"
Məsələyə münasibət bildirən hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, əgər T. Abdullayev deyilən tarixdə məhkumluq həyatı yaşamayıbsa, bunu sübut etmək üçün həmin vaxt təhsil aldığı məktəbin diplomunu təqdim etməli və müvafiq ədliyyə orqanına məsələ ilə bağlı (həmin dövrdə məhkum olub-olmaması ilə bağlı) sorğu göndərməlidir.
Müsahibimiz bildirir ki, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, ləyaqətsiz hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər mülki mühafizə xidmətinə işə qəbul oluna bilməzlər.
Hüquqşünas bildirir ki, işə qəbul qaydalarında xüsusi olaraq yaxın qohumların həbs edilməsi ilə bağlı müddəalar yer almasa da, yaxın – birinci dərəcəli qohumları məhkumluq həyatı yaşayan şəxslər də çox zaman hüquq-mühafizə orqanlarına işə qəbul edilmir. Amma bunu rəsmi şəkildə yazılı surətdə şəxsə təqdim edə bilməzlər: "Əgər işə düzələn tərcümeyi-halında atasının məhkumluq həyatı yaşadığını qeyd etməyibsə, onun qeyri-səmimi olduğunu əsaslandırıb işə götürməyə bilərlər".