BAKI, 16 avqust — Sputnik. Dünən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində "Qarabağ"-"Kopenhagen" oyununda azarkeşlərlə bağlı qalmaqal yaşanıb. Sputnik Azərbaycan xəbər verir ki, yüzədək azarkeş əllərində bilet olmasına rəğmən stadiona buraxılmayıb. "Qarabağ" fanatları polislərdən onlara qarşı nə üçün belə rəftar olunduğunu soruşduqda, hüquq mühafizəçiləri stadionda yerlərin dolduğunu, 1 biletin 3 nəfərə satıldığını bildiriblər.
Sputnik Azərbaycan-ın əməkdaşının cəhdlərinə baxmayaraq polislər, onlara əllərində bilet olan şəxslərin stadiona buraxılmaması göstərişini kimin verdiyini deməkdən israrla yayınıblar.
Azərbaycan Futbol Federasiyası Assosiasiyasından Sputnik Azərbaycan-a bildirilib ki, bu problemin AFFA-ya heç bir aidiyyatı yoxdur. "Bilet satışı, təhlükəsizlik işləri kimi məsələlərin bizə heç bir dəxli yoxdur. Bu işlərlə klublar özləri məşğul olur" — AFFA-nın mətbuat xidmətindən deyiblər.
Məsələnin mahiyyətini aydınlaşdırmaq üçün "Qarabağ" futbol klubu və Tofiq Bəhramov adına Respublika stadionu ilə nə qədər əlaqə yaratmağa çalışsaq da, telefonlarımıza cavab verən olmayıb.