BAKI, 14 avqust — Sputnik. “Azərbaycan bizim ürəyimizdir”. Bu sözləri İstanbulun Atatürk adına aeroportunda APA-ya verdiyi açıqlamada Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanan Ramil Quliyev deyib.
"Azərbaycan bizim ürəyimizdir. Yarışların hamısına qəlbimdəki Azərbaycan və Türkiyə sevgisi ilə çıxmışam. Mənim üçün həyəcan keçirən, sevincimi paylaşan hamını ürəkdən salamlayıram" — deyə Quliyev bildirib.
"Useyn Bolt artıq yarış səhnəsindən çəkildi. Niyə mənim də onun rekordlarını qırmaq və onu keçmək hədəflərim olmasın? İndi bütün gücümlə Avropa çempionu olmaq üçün hazırlaşacağam. Dünya çempionu olmuş bir insanın Avropa çempionluğundan aşağı hədəfi ola bilərmi?" — Quliyev əlavə edib.
İstanbul aeroportundakı qarşılama mərasimindən sonra məşqçi Oleq Muxin və dünya çempionu Ramil Quliyev Ankaraya gediblər. Prezident Rəcəb Tayyib Ərdoğanın 15 avqustda O.Muxin və R.Quliyevi qəbul etməsi gözlənilir.