BAKI, 11 avqust — Sputnik. Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə Türkiyəni təmsil edən azərbaycanlı sprinter Ramil Quliyevin 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olması ilə bağlı avqustun 15-də mətbuat konfransı keçirəcək.
Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, MOK-un inzibati binasında baş tutacaq tədbir saat 14:00-da start götürəcək.
Qeyd edək ki, R.Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. 26 yaşlı sprinter Azərbaycanda ona lazımi diqqətin göstərilməməsini səbəb gətirərək bu addımı atdığını söyləyib. O, dünya çempionu tituluna sahib çıxana qədər 200 metr məsafəyə qaçış üzrə 2009-cu il Universiadasının və "Brilliant Liqa"nın 2017-ci il Paris mərhələsinin qalibi, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc mükafatçısı olub. R.Quliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib, 100 metr məsafəyə qaçışda 9,97 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,88 saniyə nəticələrlə şəxsi rekordlara imza atıb.