Vəhşi heyvanlar bizə niyə qənim kəsilib?

Abunə olmaq
Yəni təqib edib, vuranda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1000-2000 manat məbləğində cərimə edilir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Son zamanlar vəhşi heyvanların yaşayış məntəqələrinə və insanlara hücum etməsi halları artıb. Belə ki, ötən gün Ağsu rayonunda ahıl kişi vəhşi heyvanın hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb.

Hadisə rayonun Padar kəndində qeydə alınıb. Kənd sakini, 1948-ci il təvəllüdlü Qurbanov Həsrət Feyzulla oğlu yaşadığı evin həyətinə soxulan canavarın hücumuna məruz qalıb. Həsrət Qurbanov mal-qaraya hücum edən canavarı həyətindən qovmaq istəyərkən ehtiyatsızlıq edib və vəhşi heyvan onu özünü parçalayıb. 70 yaşlı kişi üz, baş və qollarından ağır xəsarətlər aldığı üçün təcili olaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılaraq əməliyyat olunub. Ona quduzluğa qarşı peyvənd vurulub. Hadisə yerinə gələn kənd sakinləri canavarı öldürüb.

Digər bir hadisə isə Ağstafa rayonunun Kolxəlfəli kəndində baş verib. Belə ki, kənd sakini Aidə Alıyeva canavarın hücumuna məruz qalıb. Sakinlər bu hadisənin canavarların kəndə ilk hücumu olmadığını deyirlər. İyulun 16-da kənd sakini Camal Vəliyevin tövləsinə hücum edən yırtıcılar ona məxsus 18 baş xırdabuynuzlu heyvanı tələf edib, 12-ni isə yaralayıb. Camal Vəliyevin Sputnik Azərbaycan-a bildirdiyinə görə, əlində olub-qalan pulunu iynə-dərmana versə də, yaralı heyvanların sağalacağına ümid etmir. 

Kəndlilər tərəfindən öldürülmüş canavar - Sputnik Azərbaycan
HADİSƏ
Ağsuda dəhşət: 70 yaşlı kişini canavar parçaladı

Bir müddət əvvəl isə Ağsu rayonunda ayı kənd sakinlərinə və mal-qaraya hücum edib. Rayonun Dilman kəndi ərazisindəki taxıl sahəsində kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov özlərinə məxsus 4 baş iribuynuzlu heyvanı gecə saatlarında biçilmiş taxıl sahəsində otararkən qəflətən ayının hücumuna məruz qalıblar. Kənd sakinləri qaça bilsə də, ayı otlaqdakı iki inəyi parçalayıb, ikisini isə ağır yaralayıb. Hazırda yaralı heyvanlar baytar nəzarətindədir. Dağlıq ərazidə yerləşən Dilman kəndin sakinləri mal-qaranın tez-tez ayı, canavar, çaqqalların hücumuna məruz qaldığını bildiriblər.

Digər hadisə isə Zaqatalada baş verib. Rayonun Aşağı Çardaqlar kənd sakini, 16 yaşlı Məhəmməd Məmmədov kəllənin gicgah nahiyəsinin, Zaqatala Sərhəd Dəstəsinin əsgəri Bəxşiş Əsgərov isə bədənin kürək nahiyəsinin dişlənmə yarası xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olublar. Müayinə zamanı məlum olub ki, Məhəmməd Məmmədov Azərbaycanın Gürcüstanla həmsərhəd ərazisində yerləşən meşə massivində qoyunları otaran zaman qəfildən canavarın hücumuna məruz qalıb. O, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtula bilib. Eyni canavar daha sonra ərazidə hərbi xidmətdə olan, Zaqatala Sərhəd Dəstəsinin əsgəri Bəxşiş Əsgərova hücum edərək, onun kürək nahiyəsini dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunublar. Əsgər Bəxşiş Əsgərovun müayinə və müalicəsini davam etdirmək üçün Bakıdakı hospitallardan birinə göndərilib.

© © KarikaturaVurmaq ya vurmamaq?
Vurmaq ya vurmamaq? - Sputnik Azərbaycan
Vurmaq ya vurmamaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, əgər kiminsə belə problemlə bağlı şikayəti olsa, ərazi üzrə ekologiya şöbələrinə, icra hakimiyyətlərinə, bələdiyyələrə, baytarlıq idarələrinə müraciət etsinlər: "Belə müraciət daxil olan zaman bələdiyyələr, icra hakimiyyətləri, baytarlıq idarələri tərəfindən dərhal xüsusi qrup yaradılır. Həmin qrupa bələdiyyə, icra nümayəndəliyi, baytarlığın nümayəndəsi,peşəkar ovçular həmin qrupa daxil edilir. Qrup şikayət edilən ərazilərdə reydlər keçirir. Bu o demək deyil ki, həmin qrupun üzvləri vəhşi heyvanları öldürə bilər. Xeyr! Həmin qrupun üzvləri günün müxtəlif saatlarında reydlər keçirərək canavarları və digər vəhşi heyvanları müxtəlif üsullarla ərazidən uzaqlaşdırır".

Mirzəyevin sözlərinə görə, Azərbaycan 1999-cu ildən Avropada "Vəhşi təbiətin qorunması" Beynəlxalq Konvensiyasının üzvüdür. Həmin Konvensiyaya görə, Azərbaycanda da canavarların ovlanması birmənalı şəkildə qadağandır. Bu ov qanunu pozuntusu hesab edilir. Yəni, təqib edib, vuranda İnzibati Xətalar Məcəlləsinin 372.2 maddəsi ilə 1000-2000 manat məbləğində cərimə edilir. 

Alıyevlər ailəsinin həyətyanı sahəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Çatanda gördüm ki, canavar bacımın başını gəmirir..."

R. Mirzəyev bildirir ki, bu qanunun istisnası da var. Belə ki, canavar və yaxud hər hansı bir vəhşi heyvan insan həyatına təhlükə yaradırsa, yəni onun üzərinə hücum edirsə, son zərurət tədbiri kimi, yəni özünümüdafiə tədbiri kimi həmin heyvanı vura bilər. Belə halda həmin şəxsə qanun pozuntusu şamil edilmir: "Canavarı təqib edib, vuranda ekoloji qanun pozuntusu hesab edilir və həmin şəxsə qanun pozuntusu şamil edilir. Yaxşı olar ki, vətəndaşlar belə hallarda ərazi ekologiya şöbələrinə müraciət etsinlər. Şöbələrdə olan qruplar vəhşi heyvanların ərazidən uzaqlaşması üçün müəyyən tədbirlər görürlər".

Mirzəyev hesab edir ki, vəhşi heyvanların hücumlarının əsas səbəbi insanların onların yaşama arealına girməsi ilə bağlıdır. Belə ki, əvvəllər heyvanların yaşama arealları var idi, indi isə insanlar meşələrin yaxınlığında evlər tikirlər, təsərrüfat sahələri salırlar. İnsanların yaşadıqları ərazi artıq vəhşi heyvanların yaşama areallarına gəlib çatıb. Amma bu o demək deyil ki, insanlar bütün vəhşi heyvanları qırmalıdır. Beynəlxalq Konvensiya var və Azərbaycan bu Konvensiyanın qaydalarına əməl edir. Ancaq özünümüdafiə kimi vəhşi heyvanı vurmaq olar. Əvvəl də belə bir hadisə baş vermişdi. Deməli, İsmayıllıda ayı uşaq bağçasına hücum etmişdi, ərazidə yaşayan Kəlbəcər köçkünü uşaqları qorumaq üçün ayını vurmuşdu. Qanun pozuntusu həmin şəxsə şamil edilməmişdi".

Xəbər lenti
0