İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 8 avqust — Sputnik. Ağsu rayonunda ahıl kişi vəhşi heyvanın hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Padar kəndində qeydə alınıb. Kənd sakini, 1948-ci il təvəllüdlü Qurbanov Həsrət Feyzulla oğlu yaşadığı evin həyətinə soxulan canavarın hücumuna məruz qalıb. Həsrət Qurbanov mal-qaraya hücum edən canavarı həyətindən qovmaq istəyərkən ehtiyatsızlıq edib və vəhşi heyvan onu özünü parçalayıb. 70 yaşlı kişi üz, baş və qollarından ağır xəsarətlər aldığı üçün təcili olaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılaraq əməliyyat olunub. Ona quduzluğa qarşı peyvənd vurulub. Hadisə yerinə gələn kənd sakinləri canavarı öldürüb.
Faktla bağlı araşdırma aparılır.