Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 10 avqust — Sputnik. Son zamanlar ölkəmizdə ögey ataların ögey uşaqlara qarşı törətdiyi seksual zorakılıq hallarının sayı artıb. Bu barədə ən qalmaqallı məhkəmə proseslərindən biri də ötən aylarda Şəki Ağır Cinayətlər Məhkəməsində yekunlaşıb. Xatırladaq ki, məhkəmənin gedişində Şəki rayon sakini Nurəli Səlimovun 7 il ərzində 3 azyaşlı uşağı zorlaması ilə haqda dəhşətli və tükürpədən cinayət əməlləri ilə bağlı təfərrüatlar üzə çıxmışdı. Məlum olmuşdu ki, 3 azyaşlı uşağı uzun illərdir ki, zorlayan şəxs onların ögey atası imiş.
Bu qəbildən olan hadisələr zaman-zaman həm ölkəmizdə, həm də xarici ölkələrdə baş verir. İnsanlar öz qeyri-normal seksual tələbatlarını ödəmək məqsədilə təkrarən uşaqbazlığa və seksual xarakterli digər cinayətlərə yol verirlər.
Bəhs etdiyimiz mövzunu Sputnik Azərbaycan-a şərh edən psixoloq Nuriyyə Quliyeva deyib ki, adamlar bu cür hərəkətləri heç də təkcə övladları ögey olduğuna görə etmirlər. Bu tipli insanlar tibbdə pedofil adlanır. Onlar nəinki ögey övladlarına, hətta öz övladlarına qarşı da bu hərəkətləri edirlər. Amma əksər hallarda bu hadisələr valideynləri ögey olan uşaqların başına gəlir.
"Çünki atalıq və analıq hissi elə bir təbii hisdir ki, o, tədricən formalaşır. Hamiləlik dönəmində təbii olaraq cütlüklərdə valideynlik hissi yaranır. Ögey valideynlər isə birdən-birə övlad sahibi olduqlarına görə ögey övladlarına qarşı aqressiv davranırlar. Öz övladlarında isə bu, baş vermir" — deyə psixoloq bildirib.
Nuriyyə xanım onu da bildirdi ki, bəzən valideynlər uşaqların bəzi nahiyələrinə toxunur və ya dodaqlarından öpürlər. Bunun doğru olmadığını deyən psixoloq bu mövzuda valideynlərin maarifləndirilməsinin vacib olduğunu vurğulayıb:
"Uşaqların bəzi nahiyələrinə toxunduqda, onlar öz "şəxsi zona"larını ayırd edə bilmirlər. Yəni, uşaqlar bilməlidirlər ki, nə olar, nə olmaz. Uşaqlar bunları ayırd edə bilməlidirlər. Əslində heç uşaqların valideynlərinin belə uşaqların bəzi nahiyələrinə toxunması düzgün deyil".
Psixoloq hesab edir ki, zorlanma hadisələri uşaqlarda güclü travmaya səbəb olur. Odur ki, onların cəmiyyətə adaptasiyası üçün mütləq psixoloqa müraciət edilməlidir: "Sözsüz ki, belə "yaralar" uşaqları həmişə incidir. Onların cəmiyyətdə özlərinə yer tapmaları üçün ciddi şəkildə iş aparılmalıdır. Bu işdə ananın üzərinə böyük yük düşür. Bu uşaqlarda özünə, insanlara qarşı inamsızlıq, cəmiyyətə qarşı aqressiya, utancaqlıq hissi kimi problemlər ortaya çıxa bilər. Oğlan uşaqlarında isə bütün bunlarla yanaşı cinsi meyldə təhriflər meydana gəlir. Bu hal homoseksuallığa, biseksuallığa və s. gətirib çıxara bilər. Təbii ki, bu 100% olmur. Amma təəssüf ki, əksər öz həmcinsi tərəfindən cinsi zorakılığa məruz qalan oğlan uşaqlarında cinsi meyldə təhriflər yaranır".
Psixoloq hesab edir ki, bu hadisələrin baş verməməsi üçün ikinci dəfə ailə həyatı quran qadınlar əvvəlkindən daha diqqətli olmalıdırlar. Çünki onlar özlərinə təkcə həyat yoldaşı deyil, həm də uşaqlarına ata gətirirlər.