Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 9 avqust— Sputnik. Bu gün gecə saat 03:00 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndinin sakinləri tükürpərdən cinayətin sədasına yuxudan oyanıblar. Cinayət bacı-qardaş arasında baş verib.
Zaqatala rayon Mərkəzi Xəstəxanasından Sputnik Azərbaycan-a verilən məlumata görə, kənd sakini, 1955-ci il təvəllüdlü Rahilə Əhməd qızı Canımova bədənin çoxsaylı bıçaq yarası xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Ona tibbi yardım göstərilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, Rahilə Canımova yaşadığı ünvanda qardaşı Famil Canımovla şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı Famil Canımov bıçaqla bacısına çoxsaylı xəsarətlər yetirib.
Aparılan əməliyyat-axtarış tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Famil Canımov saxlanılıb.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.