BAKI, 8 avqust — Sputnik. Atlantanın (ABŞ) zoologiya bağında Çantek oranqutanı ölüb. Çantek dil jestlərini başa düşməsi ilə məşhur idi.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Çantek 39 yaşında ölüb ki, bu da həmin heyvanlar üçün kifayət qədər uzun ömür hesab edilir. Oranqutanlar adətən 30 il və ondan azca artıq yaşayırlar.
Çantek ürək xəstəliyindən əziyyət çəkirmiş və onun xəstəliyi getdikcə ağırlaşıb. Onun ölümünə də elə bu xəstəliyin səbəb olduğu bildirilir. Amma hələlik heyvanın ölümünün dəqiq səbəbi təsdiqlənməyib.
Çantek Atlantadakı Tədqiqat Mərkəzində anadan olub. Son onilliklər ərzində burada oranqutanlarla antropoloq Lin Milz işləyib. Çantek də məhz onunla birlikdə dil jestlərini öyrənib. Daha sonra isə Çantek 1997-ci ildən bu yana yaşadığı zooparkın əməkdaşları ilə ünsiyyətdə öyrəndiklərini tətbiq etmişdi.
Bu maraqlı detalı da diqqətinizə çatdıraq ki, Çantek dil jestlərinin köməyindən yalnız zooparkın əməkdaşları ilə ünsiyyət zamanı istifadə edib. Amma zooparkın ziyarətçiləri ilə əlaqə zamanı o, adi primat səsləri çıxarmaqla kifayətlənib.
Maraqlıdır ki, Çantek digər oranqutanlardan onlar üçün xarakterik olmayan qabiliyyətləri və bacarıqları ilə fərqlənib. Bu oranqutan öz mağarasını təmizləyib səliqəyə salır, istifadə etdiyi alətləri təmir edirdi. Eyni zamanda bu meymun asanlıqla universitetdən ən yaxınlıqdakı fast-fooda qədər olan marşrutu göstərə bilirdi.
Hazırda zooparkın işçiləri həmin bacarıqları və dil jestlərini digər oranqutanlara da öyrətməyə çalışırlar. Amma onlar bu cür xüsusiyyətlərdən tamamilə uzaqdırlar. Çantek indiyə qədər insanlarla dil jestləri ilə əlaqə yaratmağı bacaran yeganə heyvan olaraq tarixə düşüb.
Zooparkın əməkdaşları hesab edir ki, Çantekin ürəyinin ağrıması onu göstərirdi ki, o, insan kimi başa düşürdü və onun da insani hissləri, duyğuları var idi.