BAKI, 8 avqust — Sputnik. Təxminən bir ay əvvəl milli komandadakı karyerasını başa vurduğunu açıqlayan Arda Turan, fikrindən daşına bilər. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, Türkiyə millisinin yeni baş məşqçisi Mirçea Luçesku Ardanı fikrindən daşındırmaq üçün xüsusi təyyarə reysilə Barselonaya gedib. Rumıniyalı məşqçi “Barselona” futbol klubunun formasını geyinən 30 yaşlı yarımmüdafiəçi ilə restoranda üz-üzə görüşüb.
Arda Turan, Luçeskuya milli komandadakı atmosferin yaxşı olmadığını söyləyib. Rumın baş məşqçi hər şeydən xəbəri olduğunu, vəziyyəti dəyişəcəyinə söz verib. Luçesku Ardaya "sən bu komandanın kapitanısan. Sənə ehtiyacımız var" deyib. Ulduz futbolçu usta məşqçiyə "yox" cavabı verməyib.
Bir çox tanınmış idman şərhçiləri, Ardanın milli komandaya dönməsini artıq həll olunmuş məsələ sayır.
Xatırladaq ki, Arda Turan iyunun 6-da təşkil etdiyi mətbuat konfransında yığma karyerasını başa vurduğunu açıqlamışdı. O, idman yazarı Bilal Meşeyə hücum etməsindən sonra yaranan qalmaqal səbəbi ilə bu cür qərar qəbul edib.