İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 8 avqust — Sputnik. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 1-dən günvurma ilə bağlı 83 müraciət daxil olub. Məlumata görə, ötən həftənin şənbə və bazar günləri günvurma ilə bağlı stansiyaya 11 müraciət daxil olub, müraciət edənlərdən 4 nəfəri xəstəxanaya yerləşdirilib. Qeyd olunub ki, günvurma diaqnozu ilə müraciət edənlərdən ümumilikdə 36 nəfəri xəstəxanaya yerləşdirilib.
Həkim terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, günvurma uzun müddət günəş şüaları altında olan zaman gün istisinin bədənə təsiri zamanı baş verir: "Günvurma zamanı bədən istiliyi 41.1 dərəcəni keçir və sinir sistemi pozulmağa başlayır".
Müsahibimiz bildirir ki, günvurmadan daha çox uşaqlar və yaşlılar təsirlənir. Diabet xəstələri, təzyiq və ürək xəstəliklərindən əziyyət çəkənlər, spirtli içki qəbul edənlərin riski daha böyük olur.
Abbasova qeyd edir ki, günvurmaya çox zaman o qədər əhəmiyyət verilməsə də, əslində bu, sağlamlıq üçün böyük təhlükədir. Xüsusilə də, xəstə huşunu itirirsə və ya görmə problemi yaşayırsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Çünki bu dövrdə müalicəyə başlanmazsa, xəstə komaya düşə bilər, qalıcı nevroloji problem yaşaya və həyatını itirə bilər. Hətta xəstə huşunuitiribsə, müalicə olunsa belə 15-20 faiz həyatını itirmə ehtimalı var.
"Günvurma, həddindən artıq istilik nəticəsində bədən istiliyini nizamlayan mexanizmin pozulması səbəbindən ortaya çıxır. Havanın istiliyi qədər, yüksək nəm nisbəti də bu riski artırır. Günvurma zamanı bədən istiliyini qoruma mexanizmi olan tərləmə kifayət qədər reallaşmır. Bu vəziyyət, ümumiyyətlə, nəm nisbəti 100\60 olan zaman meydana çıxır. Tər vəzləri dəri səthinə duzlu bir ifrazat, yəni tər göndərir və bu, dərhal buxarlaşaraq dərinin istilik itirməsini təmin edir. Əgər bədən kifayət qədər tərləyə bilməsə, günvurma meydana çıxır. Bununla yanaşı, istidə həddindən artıq tərləmə nəticəsində çox miqdarda maye və elektrolit itkisi nəticəsində də bədən istiliyi yüksəlməyə başlayır" – deyə həkim qeyd edir.
Müsahibimiz bildirir ki, günvurmanın ən əhəmiyyətli əlaməti hərarətin artmasıdır. Bədən öz istiliyini nizamlama mexanizmini itirdiyi üçün bədən hərarəti 40-41 dərəcəyə yüksəlir. Ağır günvurma zamanı termometr 41 dərəcəni göstərsə də, daxildə istiliyin dərəcəsi 44 dərəcəyə qədər qalxa bilir. Bu halda dəri quru və qızarmış olur, nəbz sürətli, tənəffüs isə zəif olur. Bu zaman zərərçəkmiş yuxulayır və ya komaya düşə bilər. Bununla yanaşı, baş ağrısı, baş gicəllənmə, tərləyə bilməmə, şüurun bulanması, ürək atışın sürətlənməsi, qol və ayaqlarda spazmalar müşahidə edilir: "Yayda günvurmadan qorunmaq üçün geyindiyiniz geyimlərə diqqət yetirin. Mövsümə uyğun, bədən istiliyini çox yüksəltməyəcək, tərlətməyəcək, açıq rəngli paltarlar geyinin. Günəşdən qorunmaq üçün geniş kənarları olam yay papaqları taxın. Susamağı gözləmədən su için. Su ilə yanaşı mineral sular da içməyiniz məsləhət görülür. Yay aylarında isti havalarda spirtli içkilərdən uzaq olun. Yüngül qidalar yeyin. Günəş şualarının ən təsirli vaxtında həddən artıq yağlı, həzmi çətinləşdirəm yeməklər qəbul etməyin. Çünki bədən ağır yeməkləri həzm etmək üçün məşğul olarkən istilik mexanizmini nizamlamaqda çətinlik çəkir".
Günvurma zamanı ilk yardım çox önəmlidir. Əvvəlcə xəstəni isti mühitdən sərin və hava axınının olduğu yerə çıxarın. Üzərindəki paltarları soyundurun və ya yaxasını açın. Soyuq kompreslərlə bədən istiliyinin düşməsinə kömək edin. Əgər şüuru yerindədirsə, bol miqdarda maye verin. Huşu yerində deyilsə və tənəffüs problemi varsa xəstəni təcili olaraq xəstəxanaya aparın.
Günün isti saatlarında uşaqlar, yaşlılar, damar sərtliyi və ürək çatmazlığı olanlar, şəkər xəstəliyi olanlar, spirtli içki aludəçiləri, bədənin istilik tənzimləməsinə maneə törədici dərmanlar qəbul edən insanlar, antidepresantlar, antipsikotiklər, beta-bloker ehtiva edən kardiyovaskuler dərman istifadəçiləri, uzun məsafə qaçışçıları və velosiped idmanıyla məşğul olanlar, həddən artıq istiyə həssas insanlar daha diqqətli olmalıdır. Çünki onların günvurmaya məruz qalması riski böyük olur.
Günvurma zamanı xəstəyə ilk yardım kimi duzlu su içirmək lazımdır. Günvurma əlamətləri keçdikdən 24 saat sonra xəstə normal həyata davam edə bilər. Amma 24 saat nəzarət altında olmalı və istirahət etməlidir.
Həmsöhbətimiz qeyd edir ki, günvurma zamanı ilk yardım göstərilməsə xəstə ilk yarım saatda belə həyatını itirə bilər. Bəzi insanlar isə ağır günvurma zamanı böyrək və ya ürək problemi ilə günvurmadan bir neçə həftə sonra belə həyatını itirə bilər. Günvurma qurbanlarının 10 faizindən çoxu dünyasını dəyişir. Günvurma qaraciyər problemlərinə də yol aça bilər. Odur ki, çalışın günün isti saatlarında gün altında çox qalmayın. Halsızlıq, gərginlik, şiddətli ağrı, ürək bulanması, hərarətin artması hiss etdiyiniz zaman həkimə müraciət edin.
Günvurma əsasən azyaşlı uşaqlar və 60 yaşından böyük insanlar üçün təhlükəli olsa da, immunitet sistemi bədən müqaviməti az olan insanlar üçün də qorxuludur. Buna görə də isti, qızmar havalarda ev mühiti sərin saxlanılmalıdır. Qızmar günlərdə evin istiliyi 24 dərəcədə saxlanılmalıdır. Gün ərzində səhər və axşam otağınızın havasını dəyişin. Evdə dərmanlarınızı 25 dərəcədən aşağı temperaturda saxlayın.
Ofisdə və iş yerlərində də havalandırmaya xüsusi diqqət göstərilməldir. İsti günlərdə bağlı və park edilmiş avtomobillərdə uzun müddət qalmaq olmaz. Avtomobillər kondisionerlərlə sərinləşdirilməlidir. Bütün bunlarla yanaşı, azyaşlı uşaqları avtomobillərdə çox saxlamaq olmaz.
Günün isti saatlarında, yəni saat 11.00-17.00 arası, məcbur qalmadığınız təqdirdə gün altına çıxmayın.