BAKI, 3 avqust — Sputnik. Prezident İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, rayonun Fısdıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir. Əvvəllər torpaq-çınqıl örtüklü olan iki hərəkət zolaqlı avtomobil yolu hazırda asfalt-beton örtüklüdür. Layihəyə uyğun olaraq, yol genişləndirilərək 10 metr enində yeni yol yatağı inşa edilib. Yenidənqurma işləri zamanı Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən yolların üzərində yeni körpülər də inşa olunub. Körpülərin uzunluğu 9,5 və 24 metr təşkil edir. Hər iki körpünün eni isə 11 metrdir. Bundan başqa, yolboyu 102 metr uzunluğunda müxtəlif diametrli 9 suötürücü dəmir-beton borular quraşdırılıb. Layihə çərçivəsində yol boyunca 468 təhlükəsizlik dirəyi, 166 müxtəlif yol nişanı və 16 məlumatverici lövhə quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Prezident İlham Əliyevin 2016-cı il 22 avqust tarixli Sərəncamına əsasən inşa edilən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun yenidən qurulması ilə bu ərazidə yük və sərnişin daşınması xeyli yaxşılaşıb, yetişdirilən məhsulların rayon mərkəzlərinə rahat daşınmasına imkan yaranıb. Bu, kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yol boyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradır.
Bu avtomobil yolu Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan kəndlərarası 40 avtomobil yolu layihəsindən biridir. Dövlət başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.